Accessibility links

Avropa Məhkəməsi Azərbaycana qarşı 4 şikayət üzrə qərar qəbul edib


Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) bu gün, iyulun 22-də Azərbaycandan göndərilən şikayətlər üzrə 4 qərarını elan edib.

Bu qərarlarla hökumət ərizəçilərə ümumilikdə 51 min 200 avro təzminat ödəməlidir.

Qərarlardan ikisi jurnalistlərlə bağlıdır. Mahmudov və Ağazadə Azərbaycana qarşı şikayət üzrə AİHM “Müxalifət” qəzetinin baş redaktoru və əməkdaşı Rövşən Mahmudov və Yaşar Ağazadənin işində hesab edib ki, ərizəçilərin ifadə azadlığı hüququna müdaxilə olunub. Qərara görə, hökumət ərizəçilərə ümumilikdə mənəvi zərərə görə 2400, xərc və məsrəflərə görə 1000 avro ödəməlidir.

Bu iş müxalif məzmunlu “Müxalifət” qəzetinin baş redaktorunun və əməkdaşının Azərbaycanın tanınmış siyasi xadimlərindən, ölkə prezidentinin əmisi, mərhum Cəlal Əliyevi “ləkələdiyi” iddia edilən məqaləyə görə cinayət məsuliyyətinə cəlb edilmələri ilə bağlıdır. Cəlal Əliyevin xüsusi ittiham qaydasında şikayətindən sonra jurnalistlər Yasamal rayon Məhkəməsinin 16 may 2007-ci il tarixli hökmü ilə böhtana görə məhkum edilib. Onların hər biri iki il altı ay müddətinə azadlqıdan məhrum edilib.

Jurnalistlər "Taxıl mafiyası" və "Amay: Əliyevlər ailəsinin ticarət nişanı" başlıqlı məqalələrin dərcindən sonra həbs edilib. Birinci məqalə ilə barədə şikayətlə bağlı Avropa Məhkəməsi bir neçə il əvvəl qərar qəbul edib.

2007-ci ilin dekabrında jurnalistlər Azərbaycan prezidentinin əfv sərəncamı ilə azadlığa buraxılıb.

Azər Əhmədov Azərbaycana qarşı şikayət üzrə “Azadlıq” qəzetinin direktorunun işində AİHM ona münasibətdə şəxsi həyata müdaxilə hüququnun pozuntusuna yol verildiyini tanıyıb.Hökumət Azər Əhmədova mənəvi zərərə görə 4500, xərc və məsrəflərə görə 2500 avro təzminat ödəməlidir.

Bu iş Azər Əhmədovun həmkarlarından Aqil Xəlilin bıçaqlanması olayının istintaqı çərçivəsində onun telefonunun dinlənilməsi ilə bağlıdır. Ərizəçi Konvensiyanın 8-ci (şəxsi həyata hörmət) və 10-cu (ifadə azadlığı) maddəsinə söykənərək, iddia edir ki, telefon danışıqlarının dinlənilməsi qanuna ziddir.

Kərimov və başqaları Azərbaycana qarşı şikayəti üzrə ərizəçilər Vahid Kərimov, Mahir Abbasov və Mübariz Bayramovdur. AİHM qərar verib ki, onların Konvensiyanın 6-cı (ədalətli məhkəmə araşdırması hüququ) maddəsi ilə təminat altına alınan hüququna müdaxilə baş verib. Hökumət ərizəçilərin hər birinə 3600 avro təzminat ödəməlidir.

Bu iş ərizəçilərin aldıqları pul borcunu geri ödəmədiklərinə görə həbs edilmələri ilə bağlıdır.

Badalyan Azərbaycana qarşı şikayəti üzrə AİHM hesab edir ki, Ermənistan vətəndaşının azadlıq və toxunulmazlıq, işgəncəyə məruz qalmamaq hüququna müdaxilə baş verib. Ərizəçiyə 30 min avro təzminat ödənilməlidir.

Bu iş ərizəçinin Azərbaycan-Ermənistan sərhədində tutulması, 22 ay Azərbaycanda saxlanılması ilə bağlıdır.

XS
SM
MD
LG