Accessibility links

Avropa Məhkəməsi Azərbaycanda seçki hüququ ilə bağlı 15 şikayət üzrə qərarını elan edəcək


Avropa Məhkəməsi
Avropa Məhkəməsi

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) gələn həftə, oktyabrın 28-də Azərbaycandan göndərilmiş şikayətlər üzrə 4 qərarını elan edəcək.

Bu barədə aihmaz.org saytı məlumat yayıb.

Məlumatda deyilir ki, ərizəçilərin 15-i 2015-ci ildə keçirilən parlament seçkilərinə qatılmış müxalif partiya təmsilçiləridir.

Arzu Səmədbəyli və başqaları Azərbaycana qarşı işində ərizəçilər 2015-ci ildə keçirilmiş parlament seçkilərində müxalif siyasi partiyalardan deputatlığa namizədliklərini irəli sürüblər. Ancaq onların namizədliklə bağlı müraciətləri, dəstəkləyici seçici imzalarının bir hissəsinin etibarlı olmaması əsası ilə qəbul edilməyib. Mərkəzi Seçki Komissiyasına və məhkəmələrə şikayətləri təmin edilməyən ırizəçilər seçki hüquqlarına müdaxilənin baş verdiyini iddia edirlər.

Mübariz Rəhimli və başqaları Azərbaycana qarşı işi də seçki hüququnun pozuntusu iddiaları ilə bağlıdır. Müxtəlif siyasi partiya üzvləri olan ərizəçilər 2015-ci ildə keçirilmiş parlament seçkilərində və 2016-cı ildə keçirilmiş təkrar seçkilərdə deputatlığa namizədliklərini irəli sürüblər. Seçki qurumu onların namizədliyini yetərli etibarlı seçici imzası təqdim etmədiklərinə görə, qeydə almayıb. Ərizəçilərin ali seçki qurumuna və məhkəmələrə şikayətləri də rədd edilib. Onlar AİHM qarşısında seçki, səmərəli müdafiə vasitələrinə sahib olmaq hüquqlarının pozuntusunu mübahisələndiriblər.

Elvin Adıyev və Elçin Namazov Azərbaycana qarşı şikayətləri ərizəçilərin polis əməkdaşının qanuni tələbinə əməl etməməyə görə inzibati qaydada cəzalandırılmaları ilə bağlıdır. Abdıyev həm də kiçik xuliqanlığa görə cəzalandırlıb. Ərizəçilərə 3-15 gün inzibati həbs cəzası verilib. Onlar məhkəmələrin ədalətli olmamasından şikayət ediblər.

Emil Mehdiyev və Vahid Əbilov Azərbaycana qarşı işdə ərizəçilər Yahova Şahidləri dini icmasının üzvləridir. Dini baxışlarına görə, hərbi xidmət keçməkdən imtina etmiş ərizəçilər cinayət məsuliyyətinə cəlb olunub, 1 il müddətinə azadlıqdan məhrum edilib. Ərizəçilər dini etiqad azadlığı hüquqularına müdaxiləni mübahisələndirib.

XS
SM
MD
LG