Accessibility links

Avropa məhkəməsi Azərbaycandan göndərilən 4 şikayət üzrə qərarlarını açıqlayacaq


Avropa İnsan Hüquqları Məhkəməsi fevralın 18-də Azərbaycandan göndərilən 4 şikayət üzrə qərarlarını açıqlayacaq.

Bu barədə Amerikanın Səsinə hüquqşünas Xalid Ağaliyev bildirib.

Onun sözlərinə görə, Azərbaycandan göndərilən 4 şikayətlərdən biri NİDA vətəndaş hərəkatının üzvləri olmuş Məmməd Əzizov və Şahin Novruzlunun şikayətləridir.

Əzizov və Novruzlu Azərbaycana qarşı işi məhkəməyə qədər həbsin və həmin həbs müddətinin uzadılmasının qanunsuzluğu iddiaları ilə bağlıdır. Ərizəçilər bu işdə Konvensiyanın 5-ci və 18-ci maddəsi ilə qorunan hüquqlarına müdaxilə olunduğunu iddia edirlər. Hər iki şikayət üzrə birgə qərar elan ediləcək.

2014-cü il mayın 6-da Bakı Ağır Cinayətlər Məhkəməsinin hokmü ilə NİDA vətəndaş hərəkatı fəalları Zaur Qurbanlı 8, İlkin Rüstəmzadə 8, Rəşadət Axundov 8, Rəşad Həsənov 7 il 6 ay, Bəxtiyar Quliyev 7, Məmməd Əzizov 7 il 6 ay, Üzeyir Məmmədli 7 il, Şahin Novruzlu 6 il müddətinə azadlıqdan məhrum edilib.

Onlar Cinayət Məcəlləsinin 234.1 (qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama və ya satma) və 228.1-ci (qanunsuz olaraq silah, partlayıcı maddələr və qurğular əldə etmə, saxlama, daşıma və gəzdirmə), 220. 1 (zorakılıqların, talanların, yanğınların törədilməsi, əmlakın məhv edilməsi ilə müşayiət olunan kütləvi iğtişaşları təşkil etmə və ya belə iğtişaşlarda iştirak etmə) maddələri ilə ittiham olunub.

Fəallar prezident sərəncamı ilə 2016-cı ildə əfv olunub.

Amnesty İnternational bu fəalları “vicdan məhbusu” kimi tanıyıb.

İyunun 7-də Avropa İnsan Hüquqları məhkəməsi keçmiş siyasi məhbuslar, NİDA VH-nın İdarə heyətinin keçmiş üzvləri barəsində qərarını elan edib. Rəşad Həsənov, Zaur Qurbanlı, Üzeyir Məmmədli və Rəşadət Axundovla bağlı qərarını açıqlayıb.

Məhkəmə adı çəkilən şəxslərin Avropa İnsan Hüquqları konvensiyasının 5.1 (şəxsi azadlıq hüququ) və 18 (siyasi məqsədlərə görə hüquqların məhdudlaşdırılması) maddələrinin pozuntusunu tanıyıb.

Hər birinə mənəvi zərərə görə 20 000 avro, məhkəmə məsrəflərinə görə 3000-5000 avro kompensasiya ödənilməsinə dair qərar verilib.

Bu qərar ictimai fəalların 2013-cü il zamanı barələrində seçilmiş həbs qətimkan tədbiri ilə bağlı verilib.

Qərarda göstərilir ki, gənclərin hüquqları yerli məhkəmələr tərəfindən pozulub.

Hüquqşünas qeyd edib ki, Azərbaycandan göndərilən digər şikayətlər isə Fatma Qəniyeva və başqa 17 nəfər Azərbaycana qarşı işidir.

Bu iş mülkiyyət hüququ ilə əlaqəlidir və 2009-cu ildə göndərilib. Ərizəçilər iddia edir ki, Sabunçu rayonundakı bağ sahələri əllərindən alınıb, mülkiyyətlərindən istifadələrinə imkan verilməyib, zəbt edilib və onlarla bağlanmış torpaq icarə müqavilələri məhkəmə qaydasında ləğv olunub.

Ərizəçilər mülkiyyət və ədalətli məhkəmə araşdırması hüquqlarına müdaxilə baş verdiklərini iddia edirlər.

Bundan başqa İlqar Feyzov Azərbaycana qarşı isə hüquqi əsaslar olmadan tutulma, həbslə bağlıdır.

Ərizəçi iddia edir ki, onun azadlıqdan məhrum edilməsi üçün qanuni əsaslar olmayıb, o, məhkəmə qərarı olmadan günlərlə həbsdə saxlanılıb. Ərizəçi azadlıq və toxunulmazlıq hüququna müdaxilə edildiyini mübahisələndirib.

Şərhlərə bax

XS
SM
MD
LG