Accessibility links

Avropa Məhkəməsi Taleh Bağırov və digər 6 nəfərin şikayətini təmin edib


Avrpopa İnsan Haqları Məhkəməsi iyunun 4-də Azərbaycandan göndərilmiş Müsəlman Birliyi Hərəkatının həbsdə olan rəhbəri Taleh Bağırovun və digər 6 nəfərin şikayəti üzrə qərarını açıqlayıb.

Hüquqşünas Xalid Ağalıyev Amerikanın Səsinə bildirib ki, Avropa Məhkəməsinə şikayət azadlıq və toxunulmazlıq hüququnun pozuntusu iddiası (məhkəməyə qədər həbsin qanunsuzluğu) ilə bağlı idi.

O bildirib ki, məhkəmə qərara gəlib ki, şikayəti ilə müraciət edən şəxslər məhkəməyə qədər həbsdə qanunsuz saxlanılıb.

"Bu işdə ərizəçilər Səmənd Məmmədov, Taleh Bağırov, Ismayıl Məmmədov, Eldəniz Hacıyev, Əflan Səmədov, Rəşad Ibrahimov və Elxan İsgəndərov olub. Şikayətlər hökumətlə 2018-ci ildə kommunikasiya edilib. Hökumət ərizəçilərə qarşı məhkəməyə qədər həbs müddətinin uzun olmasını qəbul edib. Ərizəçilərə dəymiş ziyanı kompensasiya etməyə razı olan hökumət təktərəfli bəyannamə təqdim edərək ərizələrin baxılacaq işlər siyahısından çıxarılmasını xahiş edib. Ərizəçilər bununla razılaşmasalar da Avropa İnsan Hüquqları Məhkəməsi bu ərizələr üzrə araşdırmanı davam etdirməyə lüzum olmadığı, şikayətlərin siyahıdan çıxarılmasının doğru olması qərarına gəlib".

Qərara əsasən, Azərbaycan höküməti ərizəçilərin hər birinə 3 000 avro ödəyəcək.

Avropa İnsan Haqları Məhkəməsi 2019-cu ildə Azərbaycanla bağlı 21, 2018-ci ildə 9 qərar qəbul edib. Məhkəmə Azərbaycanla bağlı 2019-cu ildə elan etdiyi 21 qərarda 38 dəfə Konvensiya ilə təminat altına alınan hüquqların pozuntusunu tanıyıb. 2018-ci ildə belə pozuntuların sayı 22 olub.

Əvvəlki illərdə olduğu kimi 2019-cu ildə də Azərbaycanla bağlı ən çox tanınan pozuntu azadlıq və toxunulmazlıq hüququ olub – ötən il 7 dəfə. 2019-cu ildə ən çox pozulan hüquqlar sırasında daha sonra ədalətli məhkəmə araşdırması hüququ gəlir – 5 dəfə. Məhkəmə 4 dəfə birləşmək azadlığı hüququnun pozuntusunu tanıyıb.

AİHM-in qəbuledilməz saydığı və ya rədd etdiyi (Azərbaycandan göndərilən) şikayətlərin sayında da ciddi artım nəzərə çarpır. 2017-ci ildə belə şikayətlərin sayı 210 olmuşdu. Məhkəmə 2018-ci ildə 261 şikayəti qəbuledilməz saymış və ya rədd etmişdi. 2019-cu ildə isə belə şikayətlərin sayı 427 olub.

XS
SM
MD
LG