Accessibility links

Avropa Məhkəməsi gələn həftə jurnalistlərin və ictimai-siyasi fəalların şikayətləri üzrə qərarını elan edəcək


Avropa İnsan Haqları Məhkəməsi (AİHM) aprelin 22-də Azərbaycandan göndərilmiş dörd şikayət üzrə qərarlarını elan edəcək.

Hüquqşünas Xalid Ağaliyevin Amerikanın Səsinə verdiyi məlumata görə, ərizəçilər jurnalist Əvəz Zeynallı, jurnalist Elçin Həsənov, ictimai-siyasi fəal Bəxtiyar Hacıyev və ömürlük məhbu Hüseyn Abdulvahabovdur.

Xural qəzetinin baş redaktoru Əvəz Zeynallının Azərbaycana qarşı işi onun parlament üzvündən rüşvət tələb etməsi ittihamı əsasında saxlanılması və məhkum olunması ilə bağlıdır. Jurnalist ona qarşı irəli sürülən btün ittihamları əsassız hesab edir. Zeynallı iddia edir ki, onunla bağlı mühakimə zamanı Avropa İnsan Hüquqları Konvensiyasının azadlıq və toxunulmazlıq (Maddə 5), ədalətli məhkəmə araşdırması (Maddə 6), şəxsi həyata hörmət (Maddə 8) və ifadə azadlığı hüququna (Maddə 10) müdaxilə edilib.

Azərbaycana qarşı digər iş jurnalist Elçin Həsənovla bağlıdır.

Bu iş ərizəçinin dinc aksiya zamanı çəkiliş apararkən polis əməkdaşları tərəfindən saxlanılması və döyülməsi iddiaları ilə bağlıdır.

Ərizəçi Konvensiyanın ifadə azadlığı, işgəncəyə məruz qalmamaq (Maddə 3) hüququna müdaxilə baş verdiyini mübahisələndirib.

Hüquqşünas deyir ki, Avropa məhkəməsi ictimai fəal Bəxtiyar Hacıyevin də işinə baxacaq.

Bu iş ərizəçinin Gəncə şəhərində polis idarəsində saxlanılması, saxlanılmasının qanunsuzluğunun araşdırılmaması ilə bağlıdır. Şikayətdə Konvensiyanın işgəncəyə məruz qalmamaq (maddə 3) pozuntusu qaldırılır.

B.Hacıyevi və E.Həsənovu AİHM qarşısında hüquqşunas İntiqam Əliyev təmsil edib. Hər iki işdə ərizəçilər fərdi şikayət hüququna (Maddə 34) müdaxilə məsələsini də qaldırıblar. Bu iddia 2014-cü ildə ərizəçilərin hüquqi təmsilçilərinin həbs edilməsi, həmin vaxt işin materiallarının İ.Əliyevin ofisindən götürülməsi ilə əlaqəlidir.

Azərbaycana qarşı digər iş Hüseyn Abdulvahabovdur. Bu işdə ərizəçi ömürlük məhbusdur, o, bir neçə nəfəri qaçırmaqda, öldürməkdə günahlandırılan cinayətkar qrup yaratmaqda təqsirli bilinib. Ərizəçi barəsindəki cinayət mühakiməsinin ədalətli olmadığını iddia edir.

Bir müddət əvvəl hüquqşünas Xalid Ağaliyev Amerikanın Səsinə müsahibəsində Avropa İnsan Hüquqları Məhkəməsinin Azərbaycanla bağlı qərarlarından danışıb.

O, müsahibəsində bildirib ki, 2020-ci ildə Avropa Məhkəməsi Azərbaycana qarşı 37 qərar çıxarıb, həmin qərarlarda iddia olunan bütün pozuntuları tanıyıb. Bu da Azərbaycanı Avropa məhkəməsi yuristiktiksiyasına daxil olan 5 ölkədən biri edib. Rusiya, Ukrayna, Rumıniya və Türkiyədən sonra Azərbaycan 5-ci ən çox qərar çıxarılmış ölkələrdən biridir.

Onun sözlərinə görə, qərarların sayının çox olmasının səbəbi ilk növbədə vətəndaşların daha çox Avropa məhkəməsinə müraciət etməsidir. Çünki milli məhkəmələrdə ədalət problemi var. İnsanlar burada milli məhkəmələrdə öz hüquqlarının pozuntusunu aradan qaldıra bilməyib.

XS
SM
MD
LG