Accessibility links

Avropa Məhkəməsi jurnalistlərin və ictimai-siyasi fəalların şikayətləri üzrə qərarını elan edib


Avropa məhkəməsi

Avropa İnsan Hüquqları Məhkəməsi aprelin 22-də Azərbaycandan göndərilmiş dörd şikayət üzrə qərarlarını elan edib

Hüquqşünas Xalid Ağaliyevin Amerikanın Səsinə verdiyi məlumata görə, ərizəçilər jurnalist Əvəz Zeynallı, jurnalist Elçin Həsənov, ictimai-siyasi fəal Bəxtiyar Hacıyev və ömürlük məhbus Hüseyn Abdulvahabovdur.

Məhkəmə qərarında deyilir ki, "Xural" qəzetinin baş redaktoru Əvəz Zeynallının Azərbaycana qarşı işində Avropa İnsan Hüquqları Konvensiyasının azadlıq və toxunulmazlıq (Maddə 5), ədalətli məhkəmə araşdırması (Maddə 6), şəxsi həyata hörmət (Maddə 8) və ifadə azadlığı hüququna (Maddə 10) müdaxilə edilib.

Qərara əsasən, hökumət jurnalistə ümumilikdə 13 min avro təzminat ödəməlidir.

Bu iş “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının parlament üzvündən rüşvət tələb etməsi ittihamı əsasında məhkum olunması ilə bağlıdır.

Azərbaycana qarşı digər iş jurnalist Elçin Həsənovla bağlıdır.

Bu işdə AİHM jurnalsitə münasibətdə onun azadlıq və toxunulmazlıq hüququna müdaxilənin baş verdiyi qənaətinə gəlib. Hökumət jurnalistə 7500 avro təzminat ödəməlidir.

Həsənov Azərbaycana qarşı işi ərizəçinin dinc aksiya zamanı çəkiliş apararkən polis əməkdaşları tərəfindən saxlanılması və döyülməsi iddiaları ilə bağlıdır.

Ərizəçi ifadə azadlığı, işgəncəyə məruz qalmamaq (Maddə 3) hüququna müdaxilə baş verdiyini mübahisələndirib.

Hüquqşünas deyir ki, Avropa məhkəməsi ictimai fəal Bəxtiyar Hacıyevin də işinə baxıb.

Bu iş üzrə AİHM onun azadlıq və toxunulmazlıq hüququna (həm prosedur, həm də substantiv) müdaxilənin baş verməsinə qərar verib. Qərara əsasən, ərizəçiyə ümumilikdə 12 850 avro təzminat ödəniləcək.

Bu iş ərizəçinin Gəncə şəhərində polis idarəsində saxlanılması, saxlanılmasının qanunsuzluğunun araşdırılmaması ilə bağlıdır. Şikayətdə Avropa İnsan Hüquqları Konvensiyasının 3-cü maddənin pozuntusu mübahisələndirilir.

Azərbaycana qarşı digər iş Hüseyn Abdulvahabovin şikayəti ilə bağlıdır. Bu işdə ərizəçi ömürlük məhbusdur, o, bir neçə nəfəri qaçırmaqda, öldürməkdə, cinayətkar qrup yaratmaqda təqsirli bilinib. Ərizəçi barəsindəki cinayət mühakiməsinin ədalətli olmadığını iddia edir.

Hüseyn Abdulvahabovub şikayəti Azərbaycana qarşı işi baxılacaq ərizələrin siyahısından çıxarılıb.

Bəxtiyar Hacıyevi və Elçin Həsənovu AİHM qarşısında hüquqşunas İntiqam Əliyev təmsil edib. Hər iki işdə ərizəçilər fərdi şikayət hüququna (Maddə 34) müdaxilə məsələsini də qaldırıblar. Bu iddia 2014-cü ildə ərizəçilərin hüquqi təmsilçilərinin həbs edilməsi, həmin vaxt işin materiallarının İntiqam Əliyevin ofisindən götürülməsi ilə əlaqəlidir.

Avropa məhkəməsi qərara gəlib ki, bu işlərdə dövlət 34-cü maddə üzrə öhdəliklərinə əməl etməyib.

Bir müddət əvvəl hüquqşünas Xalid Ağaliyev Amerikanın Səsinə müsahibəsində Avropa İnsan Hüquqları Məhkəməsinin Azərbaycanla bağlı qərarlarından danışıb.

O, müsahibəsində bildirib ki, 2020-ci ildə Avropa Məhkəməsi Azərbaycana qarşı 37 qərar çıxarıb, həmin qərarlarda iddia olunan bütün pozuntuları tanıyıb. Bu da Azərbaycanı Avropa məhkəməsi yuristiktiksiyasına daxil olan 5 ölkədən biri edib. Rusiya, Ukrayna, Rumıniya və Türkiyədən sonra Azərbaycan 5-ci ən çox qərar çıxarılmış ölkələrdən biridir.

Onun sözlərinə görə, qərarların sayının çox olmasının səbəbi ilk növbədə vətəndaşların daha çox Avropa məhkəməsinə müraciət etməsidir. Çünki milli məhkəmələrdə ədalət problemi var. İnsanlar burada milli məhkəmələrdə öz hüquqlarının pozuntusunu aradan qaldıra bilməyib.

Şərhlərə bax

XS
SM
MD
LG