İyulun 30-da Avropa Insan Hüquqları Məhkəməsi (AİHM) jurnalist Məlahət Nəsibova ilə bağlı qərarını açıqlayıb.
Qərar peşə fəaliyyəti kontekstində basqılar nəticəsində Azərbaycandan Avropa Məhkəməsinə mühacirət edən Məlahət Nəsibova və onun həmsədri olduğu QHT - İnkişaf və Demokratiya Resurs Mərkəzinin şikayəti ilə bağlıdır. Həmin şikayət AİHM-ə 11 il əvvəl, 2009-cu ildə göndərilib.
Bu məhkəmə işi 2008-ci ildə Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən Resurs Mərkəzinin ofisində və Məlahət Nəsibovanın mənzilində axtarış və götürmə aparılması ilə bağlıdır. Həmin vaxt mərkəzin digər həmsədri, Nəsibovanın həyat yoldaşı İlqar Nəsibova qarşı böhtan və təhqirə görə cinayət işi və axtarışla bağlı idi.
Məlahət Nəsibova axtarışın qanunsuz olması iddiası ilə hüquq-mühafizə qurumlarına qarşı məhkəmə iddiası qaldırıb. Yerli məhkəmələr həmin işdə jurnalistin əleyhinə qərarlar verib.
Məhkəmənin məlumatına görə, iş üzrə kommunikasiyanın gedişində həm Məlahət Nəsibova, həm də həyat yoldaşı İlqar Nəsibov dostca anlaşmaya razılıqlarını ifadə ediblər. Anlaşmanı nəzərə alan Avropa İnsan Hüquqları Məhkəməsi Nəsibovların ərizələrini baxılacaq işlərin siyahısından çıxarmağa qərar verib.
Qərara əsasən, hökumət xanım Nəsibovaya ümumilikdə 5500, onun həyat yoldaşı İlqar Nəsibova isə 11600 avro təzminat ödəyəcək.
AİHM kommunikasiya zamanı hökumətdən əsasən, ərizəçiyə münasibətdə Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı (ədalətli məhkəmə araşırması), 8-ci (şəxsi həyatın toxunulmazlığı), 10-cu (ifadə azadlığı) və 13-cü (səmərəli hüquq-müdafiə vasitələri hüququ) maddələri ilə bağlı pozuntulara yol verilib-verilməməsi haqda suallara cavab verməsini istəmişdir.
Nəsibova "Turan" informasiya agentliyində çalışıb, həmçinin, Azadlıq Radiosunun müxbiri olub. O, Naxçıvanda fəaliyyət göstərən Demokratiya və QHT-nin İnkişaf Resurs Mərkəzinin həmtəsisçisi olub.
Jurnalist Naxçıvanda fiziki təzyiqlərə məruz qalıb. Həyat yoldaşı İlqar Nəsibov fiziki təzyiq nəticəsində ağır bədən xəsarətləri alıb.
Bundan sonra Nəsibovlar ailəsi Norveçdə sığınacaq alıb. Ailə hələ də Norveçdə yaşayır.
Məlahət Nəsibova 2009-cu ildə "azad və müstəqil mətbuat üçün cəsarətli və sarsılmaz mübarizəsi"nə görə Norveçdə təqdim edilən Torolf Rafto xatirə mükafatına layiq görülüb.