Accessibility links

Hökumət Avropa məhkəməsinə şikayət edən jurnalistin hüquqlarının pozulduğunu etiraf etdi


Sevinc Vaqifqızı foto :Pərvanə Bayramova
Sevinc Vaqifqızı foto :Pərvanə Bayramova

Avropa İnsan Hüquqları Məhkəməsi mayın 14-də müstəqil jurnalist Sevinc Vaqifqızının şikayəti ilə bağlı qərarını elan edib.

Avropa İnsan Hüquqları Məhkəməsinin məlumatına görə, qərar jurnalistin ölkədən çıxışına qadağa qoyulması ilə bağlıdır.

Avropa məhkəməsi və ərizənin baxılacaq işlərin siyahısından çıxarılmasına qərar verib.

Avropa məhkəməsi
Avropa məhkəməsi

Belə ki, bu ərizə kommunikasiya edilərkən, hökumət Avropa İnsan Hüquqları Konvensiyasının 2 saylı protokolunun 4-cü maddəsinin (hərəkət azadlığı ) və konvensiyanın 13-cü maddəsinin (səmərəli hüquqi müdafiə vasitələri hüququ) pozuntusunu etiraf edib. Ərizəçiyə 5 min avro təzminat ödəməyə hazır olduğunu ifadə edən hökumət məhkəmədən işin siyahıdan çıxarılmasını xahiş edib. Buna görə də AİHM hökumətin təklifini əsaslı sayıb. Hökumət bu işdə jurnalistə 5 min avro təzminat ödəyəcək.

Jurnalist Sevinc Vaqifqızı Amerikanın Səsinə deyib ki, Avropa məhkəməsinin bu qərarı göstərdi ki, Azərbaycanda ədaləti bərpa etmək mümkün deyil.

“Bizə 2015-ci ildən ölkədən çıxışa qadağan qoyulmuşdu. Bu qadağanı mən o vaxt bildim ki, biz - mən, İzolda Ağayeva, Aytən Fərhadova, - 3 jurnalist Ukraynadan qayıtdıq və hava limanında bizə dedilər. Oradan da "banditizmə" (Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə- red) apardılar. Bir gecəni orada keçirməli olduq. Bu çox məntiqsiz idi. Biz ölkədən çıxmırdıq, ölkəyə giriş edirdik. Hamımız məhkəməyə müraciət elədik. "Stop" qanunsuz qoyulubdur. Bizim hərəkətimizi məhdudlaşdıra bilməzdilər. Amma 4 il boyunca bütün məhkəmələr mənim və digər jurnalistlərin əleyhinə qərar çıxarırdı ki, yox elə bu cür də olmalıdır. Hərəkətimiz məhdudlaşdırılmalıdır. Meydan TV -yə açılan cinayət işi ilə bağlı. İndi bu qərar çıxıb. Bu qərarda göstərilir ki, hökümət etiraf edib ki, səhv edib. Mənim hərəkət azadlığımı məhdudlaşdırmamalıydı və Konvensiyanın 13-cü maddəsini tanıyıb. O cümlədən də hökümətə pul cəzası kəsibdir. Bu qərarla bağlı fikirlərim odur ki, bu qərar gecikmiş ədalətin bərpasıdır. Çünki mən ölkə məhkəmələrində 4 il get-gəl etdim və orada özümü müdafiəyə çalışdım. Dörd il boyunca ədalətsiz qərar verdilər. Artıq hadisədən 5 il sonra etiraf edirlər ki, onlar səhv ediblər. Ancaq etirafın səbəbi bu idi ki, bu cür etirafla bir il öncə "stop"u götürməklə Avropa məhkəməsində siyahısından çıxarsınlar. İş də siyahıdan çıxarılıb. Avropa məhkəməsi də izah edib ki, artıq elə bir hal mövcud deyil. Yəni mənim "stop"um qaldırılıb. Hökümət etiraf edib ki, səhv edib. Amma statistikada qaldıqca Azərbaycan hökümətinin bir çox insanlara qarşı bu kateqoriyadan istifadə edib ölkədən çıxışına qadağa qoymaqla idarə etməyə çalışdığını görəcəkdilər. Əslində bu qərar onu göstərir ki, Azərbaycanda ədaləti bərpa etmək mümkün deyil. Yalnız biz Avropa məhkəməsinə müraciət etdikdən sonra hökümət etiraf edir ki, bu səhvdi, yalnışdır. Amma Azərbaycan məhkəmələri ədaləti bərpa edəcək gücdə olmadılar. Təbii ki, təəssüfdür. Əgər hökümət bunu etiraf edirsə digər işlərdə də bunu görmək istərdik. Məsələn Şahvələd Çobanoğlunun ölkədən çıxışına qadağa var, Xədicə İsmayılovanın, eləcə də digər hüquq müdafiəçilərinin, hüquqşünasların ölkədən çıxışına qadağa var. Ona görə də hökümət bir az tez tərpənib ölkə içində də bu qərarların ədalətli nəticəsinə nail ola bilər," o qeyd edib.

Ümid etmək istərdik ki, jurnalistlərə qarşı pozuntulara hökumət bundan sonra daha həssas yanaşacaq

Öz növbəsində məhkəmənin jurnalistlə bağlı qərarını şərh edən hüquqşunas Xalid Ağaliyev jurnalistə münasibətdə pozuntuların etiraf edilməsinin məmnunluq yaratdığını ifadə edib.

“Avropa Məhkəməsinə şikayətdə jurnalistin xahişi bu idi ki, ona münasibətdə pozuntuya yol verilməsi faktı tanınsın və dəymiş zərər kompensasiya edilsin. Hökumət daha əvvəl pozuntunu da etiraf edib, kompensasiya ödəməyi də üzərinə götürüb. Düşünmürəm ki, AİHM özü qərar versəydi, nəticə baxımından ciddi fərqlər olacaqdı”.

Xalid Ağaliyev
Xalid Ağaliyev

Xalid Ağaliyev hesab edir ki, hökumətin jurnalistə qarşı pozuntunu etiraf etməsini pozitiv qarşılamaq doğru olardı.

“Ümid etmək istərdik ki, jurnalistlərə qarşı pozuntulara hökumət bundan sonra daha həssas yanaşacaq, belə pozuntulara ümumiyyətlə iş məhkəməyə getmədən daha operativ, dərhal ədalətli reaksiya verəcək və jurnalistlərin fəaliyyəti üçün əlverişli hüquqi mühit yaradılması yönündə gərəkli addımları atacaq”

Xatırlatma

2015-ci ildə "Meydan" TV-yə (Berlində yerləşir) qarşı cinayət işi qaldırılıb. Bununla əlaqədar həmin İnternet televiziya kanalı ilə əməkdaşlıq edən ondan çox jurnalist dindirilib. Onların ölkədən çıxışına qadağa qoyulub.

Ötən ilin mayında isə ölkədən çıxışına qadağa qoyulan Meydan TV –nin əməkdaşlarınn bu qadağası götürülüb.

Meydan TV ilə əməkdaşlıq edən bir neçə jurnalist Baş Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsinə və DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırılaraq dindirilib.

XS
SM
MD
LG