Avropa İnsan Hüquqları Məhkəməsi oktyabrın 1-də Azərbaycana qarşı növbəti qərarını elan edib.
Qərar jurnalistlər Zamin Hacı, Əfqan Muxtarlı, Həkimeldostu Mehdiyev, İlqar Nəsibov, Ramid İbrahimov, Etimad Budaqov, İdrak Abbasov, Tapdıq Quliyevin şikayətlərini əhatə edib.
Bu barədə Amerikanın Səsinə vəkil Fariz Namazlı məlumat verib.
Onun sözlərinə görə, qərar jurnalistlərin müxtəlif vaxtlarda işgəncəyə məruz qalması ilə bağlı verdikləri şikayətlərlə bağlıdır.
Jurnalistlər şikayətlərində onlara münasibətdə Avropa Konvensiyasının 3-cü (işgəncəyə məruz qalmamaq hüququ), 6-cı (ədalətli məhkəmə araşdırması hüququ) və 10-cu (ifadə azadlığı hüququ) maddələrinin pozuntusuna yol verildiyini iddia edirdilər.
Avropa Məhkəməsi bu şikayətləri birləşdirərək vahid qərarını verib.
Məhkəmə Konvensiyanın 3-cü maddəsinin substantiv (maddi) və 10-cu maddəsinin (ifadə azadlığı) pozuntusunu (İdrak Abbasova münasibətdə), İlqar Nəsibova münasibətdə isə Konvensiyanın 3-cü maddəsinin prosessual əsaslarla pozuntusunu və Konvensiyanın 6.1-ci maddəsinin pozuntusunu tanıyıb. Digər ərizəçilərə münasibətdə məhkəmə yalnız Konvensiyanın 3-cü maddəsinin prosessual əsaslarla pozuntusunu tanıdı. Məhkəmə mənəvi zərərin əvəzi kimi İdrak Abbasova 15000 avro, İlqar Nəsibova 9750 avro, digər ərizəçilərə 7500 avro, məhkəmə məsrəflərinə görə 2000-3500 avro kompensasiya müəyyən edib.
Tapdıq Fərhadoğlunun nümayəndəsi Samirə Ağayeva Amerikanın Səsinə bildirib ki, Avropa Məhkəməsinin `Quliyev Azərbaycana qarşı` qərarını dəstəkləmir.
Biz 10-cu maddənin (özünü ifadə etmək azadlığı) pozuntusunu da iddia etmişik. Amma, Avropa Məhkəməsinin qərarında sadəcə qeyd olunub ki, bu maddənin araşdırılmasına ehtiyac duymayıblar. Biz, bu hissədən də narazıyıq.
“Bu qərardan kifayət qədər narazılığımız var. Avropa Məhkəməsinin qərarında 3-cü maddənin pozuntusu qeyd olunub. Bu maddənin maddi deyil prossesual hissəsində pozuntu tanınıb. Bu o deməkdir ki, dövlət orqanları faktı lazımi qaydada araşdırmayıb. Amma, işgəncənin, qeyri-insani rəftarın maddi hissəsi Avropa Məhkəməsi tərəfindən tanınmayıb. Halbuki, bununla bağlı bizim videolar var. Həmin videoları məhkəmələrə təqdim etmişik. Videolardan görünür ki, Tapdıq Fərhadoğlu arxa nahiyyədən vurulub və bunun nəticəsi olaraq çox ağır cərahiyyə əməliiyatına məruz qalıb. Biz 10-cu maddənin (özünü ifadə etmək azadlığı) pozuntusunu da iddia etmişik. Amma, Avropa Məhkəməsinin qərarında sadəcə qeyd olunub ki, bu maddənin araşdırılmasına ehtiyac duymayıblar. Biz, bu hissədən də narazıyıq. Çünki, Tapdıq Fərhadoğlu 2014-cü ilin fevral ayında Bakı Dövlət Universitetinin tələbələrinin keçirdiyi mitinqdə öz peşə fəaliyyətini icra edirdi. O kamera ilə çəkiliş apararkən fizki zorakılığa məruz qalıb və bundan sonra xeyli müddət peşə fəaliyyətini davam etdirə bilməyib. Biz iddia edirik ki, bu jurnalist fəaliyyətinə mane olmaq cinayətidir.
Biz, qərarın kompensasiya hissəsi ilə də razı deyilik. Çünki maddi və mənəvi ziyanın məbləği 7.500 avro olub, digər xərcələrə və nümayəndəyə 2000 avro verilməsi nəzərdə tutulub. Tapdıq Fərhadoğlu fiziki zərbədən sonra ağır cərrahi əməliyyatı keçirib və bu əməliyyata kifayət qədər məbləğdə pul xərcləyib.Əməliyyatdan sonra da uzun müddət müalicə alıb. Fiziki zorakılığın fəsadları hələ də davam edir. Jurnalist indi də ağır yük qaldıra bilmir, uzun müddət ayaq üstə qala bilmir. Kifayət qədər vaxt keçməsinə baxmayaraq həmin fiziki zorakılığın fəsadları indi də qalır. Ona görə də biz Avropa Məhkəməsinin qərarının kompensasiyanın məbləği ilə bağlı hissəsindən də narazıyıq,” Ağayeva qeyd edib.
Xatırlama
Jurnalist Zamin Hacı 2008-ci ildə Qarabağ Azadlıq Təşkilatının rəhbəri Akif Nağıya xitabən “əkə” ifadəsi işlətdiyinə görə döyüldüyünü iddia edir. Həmin vaxt yerli hüquq- mühafizə qurumları Cinayət Məcəlləsinin 163-cü (jurnalistin peşə fəaliyyətinə mane olma) maddəsilə cinayət işi açıblar, ancaq sonradan icraat dayandırılıb. A.Nağı olaydan dərhal sonra Müsavat başqanı İsa Qəmbərin onu Z.Hacı ilə barışdırdığını söyləyib. Həmin vaxt ölkə KİV-lində dərc edilən yazılara görə, A.Nağı müstəntiqə ifadəsində isə jurnalistə hücum çəkmədiyini, sadəcə, yüngülvarı süpürləşdiklərini deyib.
Əfqan Muxtarlı 2009-cu ildə İsrailin Bakıdakı səfirliyinin binasının qarşısında polis əməkdaşlarının, Həkimeldostu Mehdiyev isə Naxçıvanda müxalifətçilərin keçirdiyi aksiya zamanı tanımadığı şəxslərin zorakılığına məruz qaldığını bildirib.
Digər jurnalistlər İlqar Nəsibov 2009-cu ildə Naxçıvan Dövlət Universitetində, Ramid İbrahimov isə Prezident Administrasiyasının qarşısında döyüldüyünü iddia edir.i
Bundan başqa fotojurnalist Etimad Budaqov Şəmsi Bədəlbəyli küçəsində, hazırda mühacirətdə olan İdrak Abbasov isə Sulutəpə qəsəbəsində evlərin sökülməsi zamanı zorakılıqla üzləşdiklərini bildiriblər. İ.Abbasov şikayətlənib ki, onu məhz Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) əməkdaşları döyüblər.
“Amerikanın Səsi”nin əməkdaşı Tapdıq Fərhadoğlu isə 2014-cü ildə Bakı Dövlət Universitetinin qarşısında keçirilən aksiyadan reportaj hazırlayarkən zorakılıqla üzləşdiyini deyib.
Onu məhkəmədə hüquqşünas Samirə Ağayeva təmsil edib.
Sadalanan bütün işlər üzrə hüquq-mühafizə qurumlarına müraciət edilsə də şikayətçilər effektiv araşdırma aparılmadığını iddia edirlər.