Accessibility links

Avropa Məhkəməsi Leyla və Arif Yunusların şikayəti üzrə qərarını elan edəcək


Leyla və Arif Yunuslar
Leyla və Arif Yunuslar

Avropa Insan Haqları Məhkəməsi (AİHM) gələn həftə, iyulun 16-da Azərbaycandan göndərilmiş iki şikayət üzrə qərarlarını elan edəcək. Həmin şikayətlər 2014 və 2017-ci illərdə göndərilib. Bu barədə Avropa Məhkəməsinin saytında məlumat yayılıb.

Leyla və Arif Yunusların işi

Məlumatda deyilir ki, qərarı elan ediləcək şikayətlərdən birində ərizəçilər Azərbaycanda həbsdə olduqdan sonra ölkədən mühacirət edən vətəndaş cəmiyyəti fəalları, tanınmış hüquq müdafiəçiləri, Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunus və onun həyat yoldaşı, institutun bölmə rəhbəri Arif Yunusdur.

“Hazırda Hollandiyada yaşayan Yunuslar Azərbaycanda həbs edilmələrindən və xüsusilə məhkəməyə qədər həbsdə saxlanılmalarından şikayət ediblər, onlara qarşı həyata keçirilən tədbirlərin bilavasitə hökumətə qarşı tənqidi çıxışlarına və fəaliyyətlərinə qarşı qisas məqsədi daşıdığını iddia ediblər.

Şikayətin detallarına görə, Yunuslar 2014-cü ildə bir jurnalistə açılmış cinayət işi çərçivəsində Azərbaycandan xaricə gedərkən hava limanında saxlanılıblar. Onların ofislərində və mənzillərində axtarış aparılıb. Bu sırada səhhətində yaranmış problemlərə görə Arif Yunus xəstəxanaya aparılıb. Yunuslar bu olayın qanunsuzluğundan məhkəməyə müraciət ediblər. Daxili məhkəmələr onların bütün şikayətlərini rədd edib.

Olayların ardınca, 2014-cü ilin avqustunda Yunuslar, müxtəlif ittihamlarla həbs ediliblər. Onlara qarşı ittihamlar əsasən, qrantların qeydə alınmaması, erməni gizli servisi ilə əməkdaşlıqla bağlı olub. Ərizəçilər ittihamları rədd ediblər, heç bir əsas olmadığı üçün azad edilmələrini məhkəmələrdən tələb ediblər. Yunuslar bir il sonra 8 il yarım müddətinə azadlıqdan məhrum ediliblər. Bir neçə ay sonra sağlıq durumuna görə Arif Yunusun cəzası azaldılıb və azadlığa buraxılıb.

Yunuslar AİHM-ə şikayətlərində iddia ediblər ki, hava limanında saxlanılmaları kontekstində onların konvensiyanın 3-cü maddəsi ilə təminat altına alınan hüquqlarına (işgəncəyə məruz qalmamaq) müdaxilə edilib. Onlar həmçinin, işlərində konvensiyanın 5-ci (azadlıq, toxunulmazlıq hüququ), 6-cı (ədalətli məhkəmə araşdırması), 8-ci (şəxsi həyat) 13-cü (səmərəli hüquq vasitələri hüququ), 34-cü (fərdi müraciət hüququ) və habelə, 1 saylı Protokolun 1-ci (mülkiyyət hüququ), 4 saylı Protokolun 2-ci (hərəkət azadlığı) maddələrinin pozulduğunu iddia edirlər.

Yunuslar eləcə də iddia edir ki, onlara qarşı həyata keçirilmiş tədbirlərin gerçək əsas məqsədi onları aktiv fəaliyyətlərinə, hökuməti tənqid etmələrinə görə cəzalandırmaq məqsədi daşıyıb və beləliklə də konvensiyanın 18-ci maddəsi də pozulub.

Əlavə edək ki, Yunuslara açılmış cinayət işi, onların məhkum edilmələri AİHM-də başqa ərizə çərçivəsində icraatdadır,” məlumatda qeyd edilir.

Adıgözəlzadə və Şirinlinin işi

AİHM-in iyulun 16-da elan edəcəyi digər qərar Adıgözəlzadə və Şirinlinin Azərbaycana qarşı şikayətləri ilə bağlıdır. Məhkəmənin bazasında bu işlərin detalları barədə bilgi verilmir.

Dünyaya Baxış

Dünyaya Baxış. Zelenski Rusiyanın hücumu fonunda Xarkivə səfər edib
please wait

No media source currently available

0:00 0:12:03 0:00
XS
SM
MD
LG