Avropa İnsan Haqları Məhkəməsi (AİHM) sentyabrın 10-da Azərbaycanla bağlı növbəti qərarını elan edib.
Avropa məhkəməsinin məlumatında deyilir ki, qərar 2011-ci ildə Naxçıvan Muxtar Respublikasının keçmiş Milli Təhlükəsizlik Nazirliyində işgəncə ilə öldürüldüyü iddia edilən 31 yaşlı Turac Zeynalovun işi ilə bağlıdır.
İşdə ərizəçi mərhumun atası Şuriyyə Zeynalovdur. O, Konvensiyanın 2-ci maddəsinə (yaşamaq hüququ) uyğun olaraq, dövlətin onun oğlunun həyatını qoruya bilməməsindən, ölümlə bağlı təsirli araşdırma aparmamasından şikayət edib. Ərizəçi həmçinin, Konvensiyanın 3-cü maddəsinə (işgəncəyə məruz qalmamaq) əsaslanaraq, oğlunun Naxçıvan Muxtar Respublikasının keçmiş Milli Təhlükəsizlik Nazirliyində işgəncəyə məruz qalmasından, hadisənin araşdırılmamasından şikayətçi olub.
AİHM şikayəti təmin edib, ərizəçiyə mənəvi zərərə görə 35 min, xərc və məsrəflərə görə 2 min avro təzminat ödənilməsi haqqında qərar çıxarıb.
Xatırlama
Turac Zeynalov Naxçıvan aeroportunda işləyib. O, 2011-ci ildə İranın xeyrinə casusluq ittihamı ilə həbs edilib. İstintaq Təcridxanasında müəmmalı şəraitdə vəfat edib. Hakimiyyətin versiyasına görə, ölümün səbəbi onkoloji xəstəlik olub.
Amma ailə üzvləri cəsədin üzərində çoxsaylı işgəncə izləri görünən fotoşəklini yayıb.
Zeynalovun valideynləri onun ölümünə işgəncələrin səbəb olduğunu hesab edərək, ölüm halının araşdırılmasını tələb edib.
Naxçıvanın keçmiş Milli Təhlükəsizlik Nazirliyi Turac Zeynalovun dəri xərçəngindən əziyyət çəkdiyini, bədənində müxtəlif şişlər olduğunu və buna görə öldüyünü bildirib.