Accessibility links

Avropa Məhkəməsi Ramil Səfərovun ekstradisiyası ilə bağlı Azərbaycanı cərimələyib


Avropa İnsan Hüquqları Məhkəməsi
Avropa İnsan Hüquqları Məhkəməsi

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) mayın 26-da Azərbaycanla bağlı növbəti qərarını elan edib. Makuçyan və Minasyan Azərbaycana və Macarıstana qarşı işi üzrə qərar 2012-ci ildə Macarıstandan Azərbaycana ekstradisiya edilmiş hərbçi Ramil Səfərovun işi ilə bağlıdır.

AİHM hesab etdi ki, bu işdə Konvensiyanın 2-ci maddəsini (yaşamaq) (Azərbaycan prosedural və substantiv, Macarıstan substantiv baxımdan) pozmayıb, 14-cü (ayrıseçkiliyin qadağan olunması) maddələrinin pozuntusuna yol verilib. Azərbaycan və Macarıstan Konvensiyanın 38-ci maddəsinə də (Məhkəmə işinin araşdırılması) əməl edib.

Azərbaycan ərizəçilərə 15, 143,33 funt strerling təzminat ödəməlidir.

İşin materiallarına görə, hazırda ermənilərin nəzarəti altında olan Azərbaycanın Cəbrayıl rayonunda doğulan Ramil Səfərov 2004-cü ildə NATO proqramları çərçivəsində Macarıstanda keçirilən üç aylıq ingilis dili kurslarına qatılıb. O, kurs yoldaşı əslən erməni olan Qurqen Markaryanı onu təhqir etdiyi üçün qətlə yetirib və 2006-ci il aprelin 13-də Budapeşt Şəhər Məhkəməsinin qərarı ilə ömürlük azadlıqdan məhrum olunub. 2012-ci ildə Macarıstan hökuməti Azərbaycanın müvafiq müraciəti üzrə Səfərovu Azərbaycana təhvil verib, o, Azərbaycanda əfv olunub.

Həmin vaxt vəfat etmiş erməni hərbçisinin ailəsi hüquqi prosedurları başladıb, yekunda AİHM-ə şikayət edib. Ərizəçilər iddia edir ki, hərbçinin Azərbaycanda əfv edilməsi Konvensiyanın 2-ci maddəsi ilə təminat altına alınan yaşamaq hüququna uyğun olmayıb. Eyni zamanda, AİHM qarşısında ayrıseçkiliyin qadağan olunması hüququ (Maddə 14, ekstradisiya edilmiş hərbçinin əfv edilməsi, rütbə verilməsi ilə etnik məzmunlu nifrət iddiası) və 38-ci maddənin (dövlətin səmərəli təhqiqat üçün zəruri şəraiti yaratması) pozuntusunu mübahisələndirmişdilər.

Ərizəçilər bundan əlavə, Ramil Səfərovun Azərbaycanda həbs cəzasının qalan hissəsini çəkəcəyi mövzusunda məcburedici təminat almadan Azərbaycan tərəfinin tələbini təmin etməsi ilə Macarıstanın Konvensiyanın 2-ci maddəsini pozduğunu iddia edirdilər.

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəhbəri Leyla Abdullayeva Avropa Məhkəmsəinin qərarı ilə bağlı bildirib ki, Avropa Məhkəməsi qərarda Avropa Konvensiyasının 2-ci maddəsinin (yaşamaq hüququ) maddi aspektinin Azərbaycan Hökuməti tərəfindən pozulmaığını müəyyən edib.

“Yəni, Avropa Məhkəməsinin gəldiyi nəticəyə görə, Ramil Səfərov əməllərin törədilməsi zamanı fərdi qaydada çıxış edib və Azərbaycan Hökumətini təmsil etməyib. Beləliklə də, Azərbaycan Hökuməti bu əməllərə görə beynəlxalq-hüquqi məsuliyyət daşıya bilməz.

Eyni zamanda hesab edirik ki, Azərbaycan Silahlı qüvvələrinin zabiti Ramil Səfərovun Azərbaycanın 1993-cü ilin avqustunda Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Cəbrayıl rayonunda anadan olduğunu, yaxın qohumlarını müharibədə itirdiyini, hələ yeniyetmə ikən məcburi köçkün həyatının ağrı və acılarını yaşadığı məhkəmə işində nəzərə alınmalı idi.

Bir daha vurğulamaq istərdim ki, bütün bəlaların kökündə Ermənistanın Azərbaycana qarşı təcavüz siyasəti və bu siyasətin hələ də öz həllini tapmamış nəticələri durur. İki xalq arasındakı düşmənçiliyə son verilməsinin yeganə yolu münaqişənin nəticələrinin aradan qaldırılması, yəni, Azərbaycanın beynəlxalq tanınmış ərazilərindən işğalçı qüvvələrin çıxardılması və bu ərazilərdən didərgin salınmış yüz minlərlə insanın fundamental hüquqlarının təmin edilməsidir.

Yaxşı olardı ki, Avropa Məhkəməsi Ermənistanın Azərbaycana qarşı təcüvüz siyasətini və Ramil Səfərovun məhz bu təcavüz siyasətinin qurbanı olan məcburi-köçkün olduğunu qərar ilə bağlı yaydığı mətbuat məlumatında qeyd edərdi,” o qeyd edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG