Accessibility links

Avropa Məhkəməsi Tofiq Yaqublu ilə bağlı qərarını elan edib


Tofiq Yaqublu

Avropa İnsan Hüquqları Məhkəməsi iyulun 15-də Müsavat Partiyası təmsilçisi Tofiq Yaqublunun iki şikayəti üzrə qərarını elan edib.

Hüquqşünas Xalid Ağaliyevin verdiyi məlumata görə Avropa Insan Hüquqları Məhkəməsinin qəbul etdiyi qərara əsasən, iki dəfə inzibati məsuliyyətə cəlb edilmiş Tofiq Yaqubluya münasibətdə azadlıq və toxunulmazlıq (Maddə 5.1) və ədalətli məhkəmə araşdırması (Maddə 6.1, 6.3) hüquqlarının pozuntusuna yol verilib.

Qərar qəti olduqdan sonra hökumət Tofiq Yaqubluya mənəvi zərər əvəzi 8000 avro, xərc və məsrəflərə görə isə 1000 avro təzminat ödəməlidir.

Bu şikayətlər Yaqublunun 2012-ci ilin may ayının 24-də və 25-də polislər tərəfindən iki dəfə saxlanılması ilə bağlı olub.

Ərizəçi 2012-ci ilin may ayının 24-də, müxalif qüvvələrin aksiyasından bir gün əvvəl Suraxanı rayonunda saxlanılmışdı. Onun inzibati qaydada cərimə edilməsinə (20 AZN) qərar verilmişdi.

Mayın 25-də “Sahil” metro stansiyasının yaxınlığında bu dəfə oğlu ilə birlikdə saxlanılan Tofiq Yaqublu bir gün polisdə saxlanılmışdı. Polisin qanuni əmrinə tabe olmamağa görə günahkar bilinən ərizəçi yenidən inzibati qaydada cərimə (20 AZN) olunmuşdu. Ərizəçi hər iki işi milli məhkəmələrdə mübahisələndirmiş, amma bütün hallarda onun şikayətləri rədd olunmuşdu.

Ərizəçi AİHM-ə şikayətlərində iddia edirdi ki, barəsindəki araşdırmalar və qərarlar onun işgəncəyə məruz qalmamaq (Maddə 3, saxlanılma şəraitinin uyğunsuzluğu), azadlıq və toxunulmazlıq (Maddə 5, saxlanılmanın qanunsuzluğu) və ədalətli məhkəmə araşdırması (Maddə 6) hüquqlarına müdaxilə məzmununda olub.

Tofiq Yaqublu 22 mart 2020-ci il tarixində yol nəqliyyat hərəkətini pozmaqda və ər-arvada hücumda günahlandırılaraq saxlanılıb. Müxalifətçi ona qarşı təxribat törədildiyini bildirib. Bununla belə, ötən il sentyabrın 3-də o, dörd il üç ay müddətinə həbs cəzasına məhkum edilib.

Yaqublu ittihamının ləğv edilməsi tələbi ilə aclıq elan edib və aclığı 17 gün davam etdirib. Beynəlxalq hüquq müdafiə təşkilatları, Avropa İttifaqı, ABŞ işə yenidən baxmağa çağırıb. Nəhayət, sentyabrın 18-də məhkəmə qətimkan tədbirini dəyişdirib və Tofiq Yaqublunu ev dustaqlığına buraxılıb.

Şərhlərə bax

XS
SM
MD
LG