Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) mayın 7-də araşdırmaçı jurnalist Xədicə İsmayılovanın işi ilə bağlı növbəti qərarını elan edib.
AİHM Konvensiyanın 6 (ədalətli məhkəmə araşdırması ) və 8-ci (şəxsi həyata hörmət) maddələri üzrə şikayətləri qəbuledilən sayıb.
Məhkəmə hesab edib ki, Xədicə İsmayılovanın bu maddələr üzrə hüququna müdaxilə olunub. Hökumət buna görə 6 min avro təzminat ödəməlidir.
Bu qərar jurnalistin 2014-cü ildə göndərdiyi şikayəti üzrə qəbul edilib.
Belə ki, şikayət Xədicə İsmayılovanın jurnalist fəaliyyətinə qarşı hədə-qorxu kampaniyası ilə bağlıdır.
Şikayətdə bildirilir ki, hökumətyönümlü qəzetlərdə jurnalist barəsində aparılan təhqiramiz kampaniya yerli məhkəmələr tərəfindən ədalətli araşdırılmayıb.
İsmayılovaya qarşı peşə fəaliyyəti kontekstində kampaniyalar 2012-ci ildən başlayıb.
Jurnalist o zaman dərc edilən məqalələrdə təhqir edildiyi üçün məhkəməyə müracət edib, ancaq Səbail Rayon Məhkəməsi həmin şikayətləri təmin etməyib.
Bundan əlavə Azərbaycanda yuxarı məhkəmə instansiyaları həmin qərarı dəyişməyib.
Xədicə İsmayılova AİHM-ə şikayətində şəxsi həyata hörmət, ədalətli məhkəmə araşdırması və ifadə azadlığı hüququna müdaxilə olunduğunu iddia edir. Bu, korrupsiya faktları ilə bağlı araşdırmaları ilə tanınan jurnalistin Avropa Məhkəməsində sayca üçüncü işidir.
2014-cü il dekabrın 5-də həbs olunan Xədicə İsmayılova vergidən yayınma və qanunsuz sahibkarlıq kimi ittihamlarla 7 il yarım azadlıqdan məhrum edilib.
Ali Məhkəmə 2016-cı il mayın 25-dəki qərarı ilə həbs müddətini 3 il yarım şərti cəza ilə əvəz edərək onu azadlığa buraxıb. Sonradan bu müddət 2 il 3 aya salınıb.