Accessibility links

Avropa Məhkəməsi Yunusların şikayəti üzrə qərarını elan edib


Avropa İnsan Hüquqları Məhkəməsi iyulun 16-da Leyla və Arif Yunusların şikayətləri üzrə qərarını elan edib.

Məhkəmə bu şikayət üzrə iddia olunan pozuntuların əksəriyyətini tanıyıb.

Avropa Məhkəməsi hesab edir ki, Yunuslara münasibətdə Avropa Konvensiyasının 5-ci (azadlıq, toxunulmazlıq hüququ), 6-cı (ədalətli məhkəmə araşdırması), 8-ci (şəxsi həyat) 13-cü (səmərəli hüquq vasitələri hüququ), 18-ci, 1 saylı Protokolun 1-ci (mülkiyyət hüququ), 4 saylı Protokolun 2-ci (hərəkət azadlığı) maddələri pozulub.

Məhkəmənin qərarına əsasən Yunusovların hər biri üçün 20.000 avro (EUR), maddi ziyan, xərclər və xərclərlə əlaqədar olaraq onlara 11 438 avro müəyyən edilib.

Onların şikayətləri 2014 və 2017-ci illərdə göndərilib.

“Hazırda Hollandiyada yaşayan Yunuslar Azərbaycanda həbs edilmələrindən və xüsusilə məhkəməyə qədər həbsdə saxlanılmalarından şikayət ediblər, onlara qarşı həyata keçirilən tədbirlərin bilavasitə hökumətə qarşı tənqidi çıxışlarına və fəaliyyətlərinə qarşı qisas məqsədi daşıdığını iddia ediblər.

Şikayətin detallarına görə, Yunuslar 2014-cü ildə bir jurnalistə açılmış cinayət işi çərçivəsində Azərbaycandan xaricə gedərkən hava limanında saxlanılıblar. Onların ofislərində və mənzillərində axtarış aparılıb. Bu sırada səhhətində yaranmış problemlərə görə Arif Yunus xəstəxanaya aparılıb. Yunuslar bu olayın qanunsuzluğundan məhkəməyə müraciət ediblər. Daxili məhkəmələr onların bütün şikayətlərini rədd edib" - deyə, məlumatda deyilir.

Leyla Yunus əmlakı müsadirə olunmaqla 8,6 il, Arif Yunus isə 7 il müddətinə azadlıqdan məhrum edilib.

Arif Yunus 2015-ci ilin noyabrın 12-də səhhətinin ağır olması səbəb kimi göstərilərək məhkəmə zalından azadlığa buraxılıb.

Həmin il dekabrın 9-da isə Bakı Apellyasiya Məhkəməsi Leyla Yunusun 5 il sınaq müddəti olmaqla, şərti azadlığa buraxılması barədə qərar qəbul edib.

Yunuslar AİHM-ə şikayətlərində iddia ediblər ki, hava limanında saxlanmaları kontekstində onların konvensiyanın 3-cü maddəsi ilə təminat altına alınan hüquqlarına (işgəncəyə məruz qalmamaq) müdaxilə edilib. Onlar həmçinin, işlərində konvensiyanın 5-ci (azadlıq, toxunulmazlıq hüququ), 6-cı (ədalətli məhkəmə araşdırması), 8-ci (şəxsi həyat) 13-cü (səmərəli hüquq vasitələri hüququ), 34-cü (fərdi müraciət hüququ) və habelə, 1 saylı Protokolun 1-ci (mülkiyyət hüququ), 4 saylı Protokolun 2-ci (hərəkət azadlığı) maddələrinin pozulduğunu iddia edirlər.

Yunuslar eləcə də iddia edir ki, onlara qarşı həyata keçirilmiş tədbirlərin gerçək əsas məqsədi onların aktiv fəaliyyətlərinə, hökuməti tənqid etmələrinə görə cəzalandırmaq məqsədi daşıyıb və beləliklə də konvensiyanın 18-ci maddəsi pozulub.

Əlavə edək ki, Yunuslara açılmış cinayət işi, onların məhkum edilmələri AİHM-də başqa ərizə çərçivəsində icraatdadır.

XS
SM
MD
LG