Accessibility links

Avropa Məhkəməsinin Böyük Palatası İlqar Məmmədovun işi üzrə qərarını elan edəcək


İlqar Məmmədov
İlqar Məmmədov

Bu barədə AİHM-in saytında dərc olunmuş məlumatda deyilir

Mayın 29-da Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) Böyük Palatası REAL Partiyasının lideri İlqar Məmmədovun işi üzrə qərar qəbul edəcək.

Araşdırma "İlqar Məmmədov Azərbaycana qarşı" iş üzrə 46 § 4 (qərarların məcburi qüvvəsi və icrası) maddəsinin pozulmasının müəyyən edilməsi üzrə aparılıb.

Bu barədə AİHM-nin saytında dərc olunan məlumatda deyilir.

Söhbət Azərbaycan hökumətinin İlqar Məmmədovun 2013-cü il İsmayıllı hadisələri ilə bağlı həbs edilməsinin qanunsuz olması barədə AİHM-in 22 may 2014-cü il qərarını icra etməməsindən gedir.

Məhkəmə müəyyən edib ki, İlqar Məmmədovun cinayət törətməsilə bağlı heç bir şübhə olmayıb. AİHM hesab edib ki, ona qarşı cinayət ittihamının irəli sürülməsində məqsəd onu susdurmaq və ya hökuməti tənqid etdiyinə görə cəzalandırmaq olub.

2014-cü ilin dekabrında Nazirlər Komitəsi ilk dəfə olaraq işə baxıb və İlqar Məmmədovun dərhal azad edilməsinə çağırıb.

Sonradan Komitə dəfələrlə bu çağırışı təkrar edib, lakin hökumət İlqar Məmmədovu azad etməkdən imtina edib.

Avropa məhkəməsi
Avropa məhkəməsi

2017-ci ilin oktyabrında Avropa Şurasının Nazirlər Komitəsi Azərbaycanı rəsmən xəbərdar edib ki, AİHM-in 2014-cü il qərarına əməl etmək barədə Konvensiya öhdəliyini yerinə yetirməyib.

Bununla əlaqədar Avropa Şurası tarixində ilk dəfə olaraq Avropa Konvensiyasının 46-cı maddəsinə uyğun olaraq üzv dövlətin təşkilat qarşısında öhdəliyini yerinə yetirməməsi üzrə prosedur başlayıb.

Nazirlər Komitəsinin müraciəti baxılmaq üçün 2017-ci il dekabrın 11-də AİHM katibliyinə verilib və sonra Strasburq məhkəməsinin Böyük Palatasına daxil olub.

İlqar Məmmədov 2013-cü ilin fevralında İsmayıllı hadisələri ilə əlaqədar həbs edilərək 7 il azadlıqdan məhrum olunub. 2018-ci ilin avqustunda Şəki Apellyasiya Məhkəməsi qalan cəzanı 2 il sınaq müddəti olmaqla şərti cəza ilə əvəz edərək onu həbsdən azad edib.

Martın 28-də Ali Məhkəmə İlqar Məmmədovu 2 il sınaq müddəti olmaqla şərti cəzadan azad edib.

XS
SM
MD
LG