Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) mayın 7-də araşdırmaçı jurnalist Xədicə İsmayılovanın işi ilə bağlı növbəti qərarını elan edəcək.
AİHM-in məlumatında deyilir ki, bu iş jurnalistin 2014-cü ildə göndərdiyi şikayəti üzrə qərardan gedir.
Belə ki, bu iş Xədicə İsmayılovanın jurnalistika fəaliyyətinə qarşı hədə-qorxu kampaniyası ilə bağlıdır.
Məlumatda deyilir ki, hazırkı iş hökumətyönlü qəzetlərdə jurnalist barəsində aparılan təhqiramiz kampaniyaların yerli məhkəmələrdə ədalətli araşdırılmaması ilə əlaqəlidir.
İsmayılovaya qarşı peşə fəaliyyəti kontekstində kampaniyalar 2012-ci ildən başlayıb.
Jurnalist o zaman dərc edilən məqalələrdə təhqir edildiyi üçün məhkəməyə müracət edib, ancaq Səbail Rayon Məhkəməsi həmin şikayətləri təmin etməyib.
Bundan əlavə Azərbaycanda yuxarı məhkəmə instansiyaları həmin qərarı dəyişməyib.
Xədicə İsmayılova AİHM-ə şikayətində şəxsi həyata hörmət, ədalətli məhkəmə araşdırması və ifadə azadlığı hüququna müdaxilə olunduğunu iddia edir. Bu, korrupsiya faktları ilə bağlı araşdırmaları ilə tanınan jurnalistin Avropa Məhkəməsində sayca üçüncü işidir.
2014-cü il dekabrın 5-də həbs olunan Xədicə İsmayılova vergidən yayınma və qanunsuz sahibkarlıq kimi ittihamlarla 7 il yarım azadlıqdan məhrum edilib.
Ali Məhkəmə 2016-cı il mayın 25-dəki qərarı ilə həbs müddətini 3 il yarım şərti cəza ilə əvəz edərək onu azadlığa buraxıb. Sonradan bu müddət 2 il 3 aya salınıb.
Jurnalist 2015-ci ildən sınaq müddətinin 4 ildən çoxunu çəkdiyini və indi qalan 9 aylıq müddətin ləğvini tələb edir.