Accessibility links

Avropa Məhkəməsi Azərbaycana qarşı daha bir neçə iş üzrə kommunikasiyaya başlayıb


Avropa məhkəməsi

Bu barədə vəkil Fariz Namazlı Facebook səhifəsində bildirib

Avropa Məhkəməsi Azərbaycana qarşı daha bir neçə iş üzrə kommunikasıya başlayıb.

Bu barədə vəkil Fariz Namazlı Facebook səhifəsində bildirib.

Onun sözlərinə görə, bu ərizələrdən ikisi onun apardığı işlərdir.

Bunlardan biri Seymur Həzinin 15 may 2010-cu ildə aksiya zamanı tutularaq 7 gün müddətinə inzibati həbs olunması ilə bağlıdır.

Vəkil bu şikayəti onunla əsaslandırıb ki, müdafiə etdiyi Seymur Həzi həbsdə olduğu müddətdə işgəncəyə məruz qalıb. Seymur Həzi həbsdən çıxdıqdan sonra Azadlıq qəzetində bununla bağlı köşə də yazmışdı. İşgəncə şikayətləri araşdırılmadığına görə Avropa Məhkəməsinə üz tutulub.

Bu iş üzrə ərizəçinin nümayəndələrindən biri də Fariz Namazlıdan başqa Rəşid Hacılıdır.

Fariz Namazlının apardığı digər iş isə Məmməd Əzizov işidir. M.Əzizov 7 mart 2013-cü ildə MTN əməkdaşları tərəfindən həbs edildikdən sonra işgəncəyə məruz qalıb.

Vəkil xatırladıb ki, bu hadisədən əvvəl 09 yanvar 2013-cü ildə aksiyadan öncə Səbail RP-nin 9-cu PB-nin əməkdaşları tərəfindən tutulub və bölmədə işgəncəyə məruz qalıb.

Bundan başqa Avropa Məhkəməsində Məğrub Bədəllinin işi üzrə kommunikasiya başlayıb.

Onun barəsində 2010-cu ilin dekabr ayında CM-nin 221.3-cü maddəsi ilə cinayət işi başlayıb. Səbail RPİ-nin 39-cu PB-nin əməkdaşları tərəfindən zorakılığa məruz qalıb.

Abdulla Yolbarsov işində isə o, Səbail RPİ-nin 9-cu PB-nin əməkdaşları tərəfindən zorakılığa məruz qalıb. Nümayəndə Xalid Bağırovdur.

Avropa məhkəməsində kommunikasiya başlanan işlərdən biri də Murad Adilov işidir.

O 2014-cü ilin avqustun 11-də Sabirabad rayon Polis şöbəsinin və DİN-nin Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həbs olunub və sonradan işgəncəyə məruz qalıb.

Bu iş üzrə nümayəndə Yalçın İmanovdur.

Avropa məhkəməsi bütün işlərdə Konvensiyanın 3-cü maddəsinin pozuntusunun baş verib verməməsi ilə bağlı hökümətə suallar ünvanlayıb. Bundan əlavə, Haziyev işində həmçinin 10-cu(fikri ifadə etmək azadlığı) maddənin, Bədəlli işində 5.1, 5.4,(azadlıq və toxunulmazlıq hüququ) 8-ci (şəxsi və ailə həyatına hörmət hüququ) maddələrinin pozuntusu ilə bağlı suallar ünvanlayıb.

XS
SM
MD
LG