Accessibility links

Avropa Məhkəməsi Azərbaycandan 25 QHT-nin şikayəti üzrə kommunikasiyaya başlayıb


Avropa məhkəməsi
Avropa məhkəməsi

Avropa Məhkəməsi birləşmək azadlığının pozuntusu ilə bağlı Azərbaycandan bu quruma göndərilən 25 Qeyri Hökumət Təşkilatının (QHT) işi ilə bağlı kommunikasiyalara start verib. Bu barədə Amerikanın Səsinə hüquqşünas İntiqam Əliyev məlumat verib.

Avropa Məhkəməsi Hökumətə onun qarşısında qoyduğu suallar ətrafında mülahizələrini təqdim etmək üçün 2017-ci ilin fevralın 6-na qədər vaxt verib.

21 iş üzrə şikayətçiləri İntiqam Əliyev, 2-si üzrə Yaşar Ağazadə, 1-ü üzrə Azər Nağıyev, 1 iş üzrə isə Fariz Namazlı təmsil edir.

Şikayətlərdə əsasən İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı (ədalətli məhkəmə araşdırması hüququ) və 11-ci (birləşmək azadlığı hüququ) maddələrinin pozuntusu qoyulur.

İ.Əliyevin apardığı işlərdə isə bu maddələrdən əlavə Konvensiyanın 34-cü maddəsinin (fərdi şikayətlər) pozuntusu da qaldırılır. Bu hissədə İ.Əliyevin həbsi zamanı onun evindən və ofisindən cinayət işi ilə bağlılığı olmayan məhkəmə sənədlərinin götürülməsi şikayətçilərin fərdi şikayət hüququnu həyata keçirmələrinə əsassız mane kimi qaldırılır.

Şikayətçilər arasında Mehman Əliyev, Mətanət Əzizova, Elçin Abdullayev, Rövşən Mahmudov, Azad İsazadə, Mehriban Vəzir, Xalid Kazımov, Samir İsmayılov və digər tanınmış simalar var.

Bu işlərdə şikayətçilər təsisçisi olduqları QHT-lərin Ədliyyə Nazirliyi tərəfindən təsis sənədlərində çatışmazlıq olması əsası ilə qanunsuz olaraq dəfələrlə geri qaytarılmasını, bu pozuntularla bağlı verdiyi şikayətlərin üzrə ədalətli araşdırılmadığını iddia edirlər.

Avropa Məhkəməsi Azərbaycana qarşı birləşmək hüququnun pozuntusu ilə bağlı 6 qərar verib. Qərarlardan 4-ü QHT-lərin qeydiyyatınndan imtina, ikisi isə QHT-lərin ləğvi ilə bağlıdır. Qeydiyyatından imtina olunan işlər arasında hüquqşünaslar Ənnağı Hacıbəyli, Əyyub Kərimov, Vidadi Mirkamal, Namizəd Səfərov, Əlövsət Əliyev, Rəşid Hacılı və b. təsisçisi olduğu Azərbaycan Hüquqşünasları Forumunun işi də var.

Bu il birləşmək hüququnun pozuntusu ilə bağlı daha 10-a yaxın şikayət üzrə kommunikasiya ya başa çatıb, ya da başa çatmaq üzrədir. Bu işlərin arasında keçmiş siyasi məhbus kimi tanınan Anar Məmmədlinin və Bəşir Süleymanlının təsisçisi olduğu iki təşkilatla bağlı 2008-ci ilin prezident seçkiləri ərəfəsində qeydiyyatı ləğv edilmiş Seçkilərin Monitorinqi Mərkəzi və qeydiyyatından imtina olunmuş Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin işləri də var.

Nüfuzlu beynəlxalq təşkilatların hesabatlarında Azərbaycan birləşmək azadlığının ən çox pozulduğu ölkələrin siyahısında yer alıb.

XS
SM
MD
LG