Accessibility links

Avropa İnsan Hüquqları Məhkəməsi Eynulla Fətullayevin dərhal azad edilməsini tələb edir


Avropa İnsan Hüquqları Məhkəməsi Eynulla Fətullayevin dərhal azad edilməsini tələb edir
Avropa İnsan Hüquqları Məhkəməsi Eynulla Fətullayevin dərhal azad edilməsini tələb edir

Məhkəmə “Gündəlik Azərbaycan” qəzetinin baş redaktoru Eynulla Fətullayevin şikayəti üzrə qərarını açıqlayıb

Avropa İnsan Hüquqları Məhkəməsi “Gündəlik Azərbaycan” qəzetinin baş redaktoru Eynulla Fətullayevin şikayəti üzrə qərarını açıqlayıb. Məhkəmə cənab Fətullayevin ədalətli mühakimə hüququnun pozulduğunu tanıyıb və jurnalistin dərhal azadlığa buraxılmasını tələb edib. Eyni zamanda, Avropa Məhkəməsi Azərbaycan dövlətini 25 min avro məbləğində jurnalistin xeyrinə cərimə edib.

Cənab Fətullayev Avropa Məhkəməsinə onun barəsində Azərbaycan məhkəmələrinin iki həbs qərarından şikayət verib. O 2007-ci ilin aprelində birinci məhkəmə qərarı ilə 2 il 6 ay, həmin ilin oktyabrında ikinci məhkəmə qərarı 8 il 6 ay həbsə məhkum edilib. 2009-cu ilin dekabrında isə jurnalistə qarşı həbsxanada narkotik saxlama ittihamı ilə yeni iddia irəli sürülüb.

Avropa Məhkəməsinin qərarını jurnalistin ailəsi, hüquq müdafiəçiləri, beynəlxalq təşkilatlar alqışla qarşılayıb. Baş redaktorun atası Emin Fətullayev ədalətin zəfərinə sevinir və Azərbaycan hökumətini məhkəmənin qərarını tez bir zamanda yerinə yetirməyə çağırır.

Ekspertlər Azərbaycan hökumətinin Avropa Məhkəməsinin qərarını yerinə yetirəcəyinə inanır. Çünki hökumətin bu qərarı yerinə yetirməməsi ona qarşı ciddi sanksiyalarla nəticələnə bilər. Hüquqşünas Fuad Ağayev hesab edir ki, Azərbaycan məhkəmənin qərarını yerinə yetirməzsə, daha ciddi beynəlxalq təzyiqlərlə üz-üzə qalacaq.

Avropa İnsan Hüquqları Məhkəməsi yanında Azərbaycanın səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov isə məhkəmənin qərarını Azərbaycan qanunvericiliyi baxımdan qəbuledilməz sayır. O Azərbaycanın maraqlarını müdafiə etmək, habelə Avropa İnsan Haqları Konvensiyanın tətbiqində vahid praktikanı təmin etmək məqsədi ilə işi Avropa Məhkəməsinin Böyük Palatasına verəcəyini deyib. “Avropa Məhkəməsinin bu və ya digər dövlətin məhkəmələrinə göstəriş verməsi əsassızdır və qəbul edilə bilməz”, - deyə cənab Əsgərov qeyd edib.

“Media Hüquqları” İnstitutunun direktoru Rəşid Hacılı Avropa Məhkəməsinin qərarının Azərbaycan vəziyyətində olan digər ölkələrdə də media azadlığına, diffamasiya qanununun qəbuluna təkan verəcəyini və jurnalistlərin həbsinin azalmasına kömək edəcəyini düşünür.

“Sərhədsiz Reportyorlar” Beynəlxalq Media Azadlığını Müdafiə Təşkilatı və Human Rights Watch təşkilatı Azərbaycan hökumətini Avropa Məhkəməsinin qərarını dərhal yerinə yetirməyə və media azadlığını təmin etməyə çağırıb. “Eynulla Fətullayevə qarşı dəhşətli yanlış mühakiməyə son qoyulmalı və Azərbaycan hakimiyyəti onu azad etməlidir. Azərbaycan hakimiyyəti adamları fikirlərini ifadə etməyə görə cəzalandırmağa da son qoymalıdır. Böhtan və təhqirə görə cəza nəzərdə tutan maddələr ləğv olunmalıdır” –deyə Human Rights Watch-un Cənubi Qafqaz üzrə tədqiqatçısı Giorgi Qoqia bildirib.

XS
SM
MD
LG