Accessibility links

Avropa Parlamenti “Azərbaycanda Mehman Hüseynovun işi” adlı qətnaməni 533 səslə qəbul edib


Avropa Parlamentinin Azərbaycanda insan hüquqlarının pozulması ilə bağlı vəziyyət və bloger Mehman Hüseynovun işinin müzakirə olunduğu bugünkü iclasında Azərbaycan hakimiyyəti kəskin tənqidlərə məruz qoyulub.

Müxtəlif ölkə və fraksiyalardan olan iyirmiyə yaxın deputatın qiymətləndirməsi və hökuməti tənqidi kəskin olub.

Mehman Hüseynov məhkəmədən çıxarkən
Mehman Hüseynov məhkəmədən çıxarkən

Xüsusən, Azərbaycan hakimiyyətinin uzun illərdir öz öhdəliklərinə məhəl qoymaması, insan hüquqlarını və demokratiya normalarını kobud şəkildə və saymazcasına pozması diqqət mərkəzində olub.

Deputatlar avropalı siyasətçilər arasında Azərbaycan hakimiyyətindən aldıqları pul müqabilində insan hüquqlarının pozulmasına göz yuman, rəsmi Bakının müdafiəçisi olmağa çalışan, bu zaman Avropa üçün qaz mənbəyi kimi Azərbaycanın əhəmiyyəti ilə spekulyasiya edən lobbiçiləri tənqidə məruz qoyublar.

Çıxışlara Ticarət üzrə Avropa Komissarı Sesiliya Malstr yekun vurub.

O qeyd edib ki, Brüssel Azərbaycan hakimiyyəti ilə Mehman Hüseynovun işi üzrə daimi dialoq aparır, onun dərhal və qeyd-şərtsiz azad edilməsini tələb edir.

Mehman Hüseynova qarşı saxtalaşdırılmış yeni cinayət işi Avropa İttifaqı və Azərbaycan arasında tərəfdaşlıq münasibətlərinə ziddir.
Sesiliya Malstr, Avropa komissarı

"Ona qarşı saxtalaşdırılmış yeni cinayət işi Avropa İttifaqı və Azərbaycan arasında tərəfdaşlıq münasibətlərinə ziddir. Biz Bakı ilə daimi dialoqu davam etdiririk və bu ölkə ilə yeni saziş ətrafında danışıqlarımıza mütləq demokratiyaya, insan hüquqlarına, qanunun aliliyinə və ədalətli dövlət idarəçiliyinə dəstək bəndləri daxil ediləcək.

Bu müddəalar çərçivəsində biz Azərbaycanın vətəndaş cəmiyyəti ilə əlaqə saxlayacağıq və fevralın 5-də məsləhətləşmələrimizi Bakıda davam etdirəcəyik," o bildirib.

Avropa Komissarı həmçinin qeyd edib ki, Avropa İtiifaqının Bakı ofisi təkcə Mehman Hüseynovun deyil, digər siyasi məhbusların işlərini də diqqət mərkəzində saxlayır.

Müzakirələrin yekunlarına görə, Avropa Parlamenti Bakını insan hüquqlarının kütləvi və kobud şəkildə pozulmasına görə tənqid edən “Azərbaycanda Mehman Hüseynovun işi” adlı 2019/2511 saylı qətnaməni 533 səslə qəbul edib.

Öz növbəsində, rəsmi Bakı beynəlxalq tənqidləri qəbul etmir və qərəzli sayır. Dövlət rəsmiləri ölkədə fundamental azadlıqların, o cümlədən mətbuat və toplaşmaq azadlığının tam təmin edildiyini bəyan edir.

Bununla yanaşı yerli hüquq müdaifəçiləri 150 insanı siyasi məhbus kimi tanıyır. Beynəlxalq təşkilatlar ölkədə on nəfər jurnalist və blogerin həbsdə olduğunu bildirir. Amnesty İnternational ondan çox insanı vicdan məhbusu elan edib.

Avropa Şurasının Parlament Assambleyası Azəbaycanda siyasi məhbuslar üzrə məruzəçi təyin edib.

XS
SM
MD
LG