Avropada qitə boyu keçirilən Avropa Parlamenti seçkilərində bəzi kiçik partiyalara dəstək artıb. Siyasətçilər və təhlilçilər bu seçkinin 1979-cu ildə Avropa İttifaqı seçiciləri ittifaqın qanunverici orqanı üçün səs verməyə başlayandan bəri ən mühüm seçki ola biləcəyini hesab edir.
Bazar günü əldə olunan erkən nəticələr 751 üzvlük parlamentin əvvəlki illərlə müqayisədə daha parçalanmış olacağını göstərir. Həm avroskeptik, həm Avropa İttifaqını dəstəkləyən kiçik partiyalar daha böyük mərkəz-sağçı və mərkəz-solçu rəqiblərindən daha yaxşı nəticələr əldə edib.
Avropa tərəfdarı Liberallar və Yaşıllar beş il davam edəcək yeni parlamentdə çoxluq təşkil edəcək. Yaşıllar qrupunun lideri Filip Lamberts deyib ki, “Parlamentdə sabit çoxluğun yaranması üçün Yaşıllar zəruridir”.
Yeni partiyaların yüksəlişi ilə ənənəvi olaraq mərkəz-sağçı Avropa Xalq Partiyası və Sosialistlər və Dümokratlatın Mütərəqqi İttifaqı malik olduğu nəzarət duopoliyasına son qoyulub.
Millətçi populist partiyalar
Erkən nəticələr millətçi populistlərin parlamentdə yerlərin dörddə birindən azını qazanacağını göstərir. Onların məqsədi isə yerlərin üçdə birini əldə etmək idi. Fransada prezident Emmanuel Makronun mənsub olduğu “Respublika, İrəli” partiyası məğlub olub. Səslərin çoxunu Marin Le Penin ifrat sağçı Milli Yürüş partiyası alıb. Le Pen partiyasının qələbəsini alqışlayaraq, bunun Fransa prezidentinin hakimiyyətinə ciddi zərbə vurduğunu söyləyib.
İtaliyada da baş nazir Matteo Salvinin başçılıq etdiyi millətçi populistlər ciddi qələbə əldə edib. Britaniya, Polşa və Macarıstanda da avroskeptik ifrat sağçı partiyalar qalib gəlib.
Lakin seçkidə ən böyük qələbələri Aİ tərəfdarı Yaşıllar və Liberallar əldə edib. Bir neçə ölkədə yaşıllar partiyasına dəstək beş il öncə ilə müqayisədə çox artıb. Almaniyada Yaşıllar böyük irəliləyiş əldə edərək səslərin 20 faizindən çoxunu qazanıb.
Bazar günü 21 ölkədə seçicilər səsvermədə iştirak edib. Britaniya daxil olmaqla yeddi digər ölkədə seçicilər ötən həftə səs verib, lakin nəticələr bütün ölkələrdə səsvermə bitəndən sonra hesablanır.
İttifaq güc qazanır
Avropa Parlamenti son illərdə daha çox səlahiyyət əldə edib. Hazırda parlament Avropa Komissiyasının prezidentinin seçilməsinə yardım edir və ticarət və rəqəmsal nizamlamalarının formalaşdırılmasında rol oynayır. Parlamentdəki yerlər proporsional seçki sisteminə müfaviq qaydada təyin olunur.
İllər boyu Aİ tərəfdarı mərkəz sağçı EPP və mərkəz-solçu S&D partiyaları birlikdə parlamentdə mütləq əksəriyyətə malik olub və bu partiyaların liderləri çox vaxt pərdəarxası iclaslarda fikir ayrılıqlarını aradan qaldıra bilməyib.
Britaniyada Nigel Farajın yeni qurduğu Brexit Partiyası ölkənin iki əsas partiyası olan Mühafizəkarlar və Leyboristləri geridə qoyub. Bu da Brexit patiyasının ümummilli seçkidə də digər iki partiyaya böyük hədə olacağına işarə edir.
Hələ də çoxluğu Aİ-nı dəstəkləyənlər təşkil edir
İsteblişment partiyalarının gücünün azalması ittifaqın iqtisadiyyat, ticarət və xarici siyasət məsələlərində ortaq məxrəcə gəlməsini çətinləşdirə bilər, lakin bazar günü parlamentdə Aİ tərəfdarlarının çoxluq təşkil edəcəyi bəlli olandan sonra Avropa İttifaqı rəsmiləri rahat nəfəs alıb.
Mərkəz-sağçı EPP-nin Avropa Parlamentində yerlərin 173-nü qazanacağı gözlənilir. 2014-cü ildə isə bu rəqəm 221 idi. Sosialist qrupun yerlərinin də 191-dən 147-dək olacağı gözlənilir. Liberalların yerlərinin sayının 67-dən 100-nə, Yaşılların isə 50-dən 71-dək artacağı təxmin olunur.