Accessibility links

Avropa İttifaqı bələdiyyə seçkilərinədək seçki qanunvericiliyinə dəyişiklikləri zəruri sayır [Video]


Avropa İttifaqı bələdiyyə seçkilərinədək seçki qanunvericiliyinə dəyişiklikləri zəruri sayır
please wait

No media source currently available

0:00 0:06:51 0:00
Direct link

Avropa İttifaqı bələdiyyə seçkilərinədək seçki qanunvericiliyinə dəyişiklikləri zəruri sayır

Aİ-nin Azərbaycandakı nümayəndəsi Malena Mard Avropa Qonşuluq Siyasəti çərçivəsində tərəfdaş ölkələrdə irəliləyişlər haqqında illik hesabatla bağlı mətbuat konfransı keçirib

2013-cü ildə Azərbaycanda Avropa İttifaqının (Aİ) Avropa Qonşuluq Siyasəti proqramının həyata keçirilməsi çərçivəsində irəliləyiş qeyri-bərabər olub. Bu barədə bugünki mətbuat konfransında Aİ-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Malena Mard Aİ-nin AQS çərçivəsində tərəfdaş ölkələrdə irəliləyişlər haqqında illik hesabatı ilə bağlı şərh verərkən bildirib.

Mard müsbət addımlar kimi viza rejiminin sadələşdirilməsi və münasibətlərdə mobillik üzrə əməkdaşlıq haqqında sazişin imzalanmasını qeyd edib.

Bundan başqa, dekabrın sonlarında “Şahdəniz-2” qaz yatağı layihəsinə investisiya haqqında qərar qəbul edilib ki, bu da Aİ və Azərbaycan arasında enerji əməkdaşlığının genişləndirilməsi üçün əhəmiyyət daşıyır.

Aİ həmçinin Azərbaycanda makroiqtisadi sabitliyi müsbət qiymətləndirir.
“Bununla belə, Azərbaycanda iqtisadiyyatın müxtəlifləşdirilməsini, rəqabət haqqında qanunun qəbul və tətbiq edilməsini, ÜTT-ə daxil olmaq haqqında danışıqların fəallaşdırılmasını dəstəkləyirik”, deyə Mard qeyd edib.

Eyni zamanda, onun fikrincə, ticarət-iqtisadi əməkdaşlıq potensialından tam həcmdə istifadə olunmur. “Biz Azərbaycanda keçirilmiş islahatların ticarətin inkişafına və investisiyaların artırılmasına şərait yaratmasını istəyirik”, deyə Mard qeyd edib.
Korrupsiyaya qarşı mübarizəyə toxunan Mard “ASAN” sisteminin yaradılmasını müsbət qiymətləndirib.

Eyni zamanda, Aİ korrupsiyaya qarşı mübarizə üzrə milli proqramın tam həcmdə həyata keçirilməsinin tərəfdarıdır.

Aİ həmçinin yaxşı idarəetmə və demokratiyanın inkişafı məsələlərinə diqqəti artırmağa çağırır. Bu sahədə “irəliləyiş çox azdır”.

Aİ istənilən ölkənin inkişafı üçün güclü vətəndaş cəmiyyəti olmasını mühüm şərt hesab edr və Azərbaycanda da bu istiqamətdə səyləri dəstəkləmək niyyətindədir.
Ötən ilki prezident seçkilərinə toxunan Mard ATƏT DTİHB-nin bələdiyyə və parlament seçkiləri ərəfəsində seçki qanunvericiliyinə islahatlar edilməsi haqqında tövsiyələrinin həyata keçirilməsi zərurətini qeyd edib.

Aİ həmçinin məhkəmə sisteminin müstəqilliyinin təmin edilməsi məqsədilə islahatlar üzrə səyləri dəstəkləmək niyyətindədir.

Qarabağ münaqişəsinə toxunan Mard Aİ-nin ATƏT-in Minsk Qrupunun səylərini dəstəklədiyini bildirib.

Aİ Krımın Rusiya tərəfindən ilhaq edilməsini qətiyyətlə pisləyib və eyni zamanda Ermənistann Azərbaycana qarşı təcavüzünə analoji yanaşma nümayiş etdirmir. Bu, nə ilə bağlıdır?

Amerikanın Səsinin sualına cavabda Mard bildirib ki, hər bir münaqişənin öz spesifikası var və müqayisə aparmaq doğru deyil. O qeyd edib ki, Azərbaycan və Ermənistan münaqişənin tənzimlənməsi formatı olaraq ATƏT-in Minsk qrupunu seçiblər və Aİ sülh yolu ilə tənzimlənmə üçün səyləri dəstəkləməyə hazırdır.
Rəsmi Bakının Aİ-nin və Avropa Parlamentinin Azərbaycanda insan hüquqlarının pozulması haqqında çağırışlarına məhəl qoymamasını şərh etmək xahişinə cavabda
Mard bildirib ki, vətəndaş cəmiyyətinin inkişafı məsələləri Azərbaycan hökuməti ilə danışıqların predmetidir və hər şey mediada əksini tapmır.

Aİ Azərbaycanda insan hüquqlarının müdafiəsi üçün hansı mexanizmlərdən istifadə edə bilər?

Amerikanın Səsinin bu sualına cavabda Mard deyib ki, “Şərq tərəfdaşlığı” vətəndaş cəmiyyəti platforması vətəndaş cəmiyyətinin müdafiəsi üzrə mühüm alətdir.
Azərbaycanın Aİ-nin yardımından imtinasına gəlincə, Mard deyib: “İnanıram ki, hər bir dövlət, hətta zəngin dövlət belə ticarətin, investisiyaların artırılması imkanına əhəmiyyət verməlidir”.

Mard bildirib ki, Azərbaycan və Aİ arasında müasirləşmə naminə Assosiasiya və Strateji tərəfdaşlıq haqqında saziş üzrə danışıqlar davam edir. “Amma bizim üçün əsas assosiasiya haqqında sazişdir. Ümid edirik ki, bu istiqamətdə danışıqlar intensivləşdiriləcək. Gələcəkdə bu, münasibətlərimiz üçün baza təşkil edərdi”, deyə Mard bildirib.

Aİ həmçinin azad ticarət haqqında saziş imzalamağı təklif edir və Moldova və Ukrayna artıq onun üstünlüklərindən istifadə edir.

Mard həmçinin bildirib ki, Aİ “Şərq tərəfdaşlığı” ölkələrində islahatları dəstəkləmək üçün yeni maliyyə alətini təsdiq edib. Onun vasitəsilə 2014-2020-ci illərdə 15,4 mlrd. avro ayrılır.

Aİ Rusiyadan enerji asılılığını azaltmaq üçün Transxəzər qaz kəmərinin həyata keçirilməsi üzrə yeni təşəbbüslər irəli sürəcəkmi? Bu suala cavabda Mard deyib ki, Aİ enerji mənbələrinin müxtəlifləşdirilməsinin tərəfdarıdır və Transxəzər qaz kəmərini dəstəkləyir, Bakı və Aşqabadla danışıqları davam etdirir.
XS
SM
MD
LG