Accessibility links

Bakıda Avropa Oyunları Parkı və Veloparkın açılışı olub

Mayın 13-də prezident İlham Əliyev və xanımı, “Bakı-2015” ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva ilə Bakıda Avropa Oyunları Parkının və Veloparkın açılışında iştirak edib.

Gənclər və idman naziri Azad Rəhimov bildirib ki, Avropa Oyunları Parkı su polosu, çimərlik voleybolu, çimərlik futbolu və basketbol yarışları üçün nəzərdə tutulub. Park üç idman qurğusundan və dörd funksional zonadan ibarətdir. Qurğunun ümumi ərazisi 18 hektar, tikintialtı sahə isə 70 min kvadratmetrə yaxındır.

Azərbaycan Velosiped İdmanı Federasiyasının prezidenti Fazil Məmmədov bildirib ki, ərazidə genişmiqyaslı abadlıq işləri aparılıb, minlərlə ağac əkilib, yarışlar üçün 4 velosiped marşrutu, o cümlədən dağ velosiped idmanı üçün yollar salınıb. Ümumi sahəsi 30 hektardan çox olan Veloparkın ərazisində Avropa Oyunlarında istifadə olunacaq BMX veloparkı da inşa olunub. Sahəsi 28 min kvadratmetr olan BMX veloparkında yarışların keçirilməsi üçün maneəli meydança qurulub ki, onun da sahəsi 6700 kvadratmetrdir. Meydançada yaradılan şərait Beynəlxalq Velosipedçilər İttifaqının standartlarına tam uyğundur. Həm yarış iştirakçıları, həm də azarkeşlər üçün hər cür şəraitin yaradıldığı BMX veloparkında 1197 nəfərlik tamaşaçı yeri yaradılıb.

XS
SM
MD
LG