Accessibility links

Avropada karantin tədbirləri yumşaldılır, qlobal yoluxma və ölüm hallarının sayı artır


İspaniyanın iki ən böyük şəhəri bazar günü koronavirusa görə tətbiq edilmiş karantin saxlanılsa da, ölkənin digər hissələrində karantin məhdudiyyətlərinin yüngülləşdirilməsinə başlanıb.

Dünya ölkələri arasında koronavirus nəticəsində ən yüksək ölüm halları sayına görə dördüncü yerdə olan İspaniya martın ortalarından başlayan karantindən sonra bazar günü ən aşağı sayda -100-dən az ölüm halını təsdiq edib.

İtaliyada da bu həftə karantin rejimi qaldırılacaq və turistlərin iyunun 3-dən etibarən ölkəyə gəlişinə icazə veriləcək.

Türkiyədə yuxarı yaşlı vətəndaşların bazar günü öz evlərindən çıxmasına icazə verilib. Bu, 65 yaşdan yuxarı və virusa ağır yoluxma riski olan şəxslərin bazar günləri altı saat müddətinə evdən çıxmasına icazə verilməsi də nəzərdə tutulan yeni qaydaların bir hissəsidir.

Britaniya karantin qaydalarının yüngülləşdirildiyi zaman virusun yayılmasını monitorinq etmək üçün kontaktların izlənilməsini həyata keçirəcəyi planlaşdırılan personalın işə götürüldüyünü elan edib.

Lakin Britaniyanın və İtaliyanın baş nazirləri ölkə vətəndaşlarına yaxın gələcədə vaksinin hazır olacağına ümid etməmələrinə dair həftə sonu xəbərdarlıq ediblər.

Qlobal yoluxma və ölüm hallarının sayı isə artmaqda davam edir.

Dünya boyu 4.6 milyondan çox koronavirusa yoluxma halı aşkar edilib və 312 mindən çox insan xəstəlik nəticəsində həyatını itirib.

Birləşmiş Ştatlar dünyada COVID 19-a ən çox yoluxma və ölüm hallarına görə birinci yerdədir. ABŞ-da 1.5 milyon yoluxma və 89 min ölüm halı təsdiq edilib.

Ümumdünya Səhiyyə Təşkilatı öz modelinə əsasən, virusa dünya boyu 250 milyondan çox insanın yoluxa biləcəyini və Afrikada təcili tədbirlər görülməsə 150 min insanın ölə biləcəyi ilə bağlı xəbərdarlıq edib. BMJ Global Health jurnalında dərc edilmiş araşdırmada dünyanın Avropa və ABŞ kimi regionlarında yoluxma və ölüm halları səviyyəsinin daha aşağı olacağı proqnozlaşdırılır.

XS
SM
MD
LG