Accessibility links

Avropalı diplomatlar İranla nüvə danışıqlarını “məyusluq və narahatlıq” kimi xarakterizə edir


Yüksək səviyyəli avropalı diplomatlar Vyanada İranla 2015-ci ildə imzalanmış mühüm nüvə sazişinin bərpasına dair beş günlük danışıqların nəticələri il' bağlı “məyusluq və narahatlıq”larını ifadə ediblər.

İranla nüvə sazişinin qalan tərəfləri - Britaniya, Fransa və Almaniya (E3), Çin, Rusiya və dolayı yolla iştirak edən ABŞ arasında danışıqların sonuncu raundu beş aylıq fasilədən sonra noyabrın 29-da başlayıb.

Diplomatlar 2018-ci ildəki keçmiş ABŞ prezidenti Donald Trampın çıxdığı Birgə Hərtərəfli Fəaliyyət Planınını (JCPOA) canlandırmağı hədəfləyirdilər.

Trampdan sonra hakimiyyətə gələn Co Bayden deyib ki, İran sazişin şərtlərinə əməl etməyə davam etdiyi təqdirdə, Birləşmiş Ştatlar JCPOA-ya yenidən qoşulmağa hazırdır.

E3 diplomatları aprel ayında başlayan və iyun ayında İranda prezident seçkiləri səbəbilə dayandırılan "əvvəlki altı raundda müzakirə olunan mətndə İranın təklif etdiyi dəyişiklikləri hərtərəfli şəkildə və diqqətlə təhlil etdikdən sonra məyusluq və narahatlıqlarını" ifadə edən bəyanat yayımlayıb.

Rəsmilərin “(İran tərəfindən tələb olunan) böyük dəyişikliklər” kimi xarakterizə etdiyi açıqlamada göstərilir ki, dəyişikliklərdən bəziləri 2015-ci il müqaviləsi ilə uyğun gəlmir.

“Tehran aylarla çəkən gərgin işdən sonra əldə edilən çətin kompromislərin, demək olar ki, hamısınından geri çəkilir” - deyə diplomatlar əlavə edib.

E3 diplomatları "bu yeni boşluqların real vaxt çərçivəsində necə doldurula biləcəyinin aydın olmadığını" bildirir.

İclasa sədrlik edən Avropa İttifaqı rəsmisi Enrike Mora dekabrın 3-də bildirib ki, danışıqlar gələn həftə davam etdiriləcək.

“Biz qarşıda duran vəzifələri müəyyən etdik. İndi paytaxtlarla məsləhətləşməyin vaxtıdır”- deyə Aİ diplomatı Enrike Mora jurnalistlərə bildirib.

İranın yarı-rəsmi ISNA xəbər agentliyi danışıqların "çox güman ki" dekabrın 6-da davam etdiriləcəyini bildirsə də, Fransa prezidenti Emmanuel Makron danışıqlarda daha uzun fasilənin ola biləcəyi ilə bağlı xəbərdarlıq edib.

Dekabrın 2-də ABŞ dövlət katibi Antoni Blinken İrana bildirib ki, İranın son ritorikasına baxmayaraq, dünya gücləri ilə nüvə sazişinə əməl etməyə qayıtmaq üçün hələ vaxtı var.

"Sizə deməliyəm ki, son addımlar, son ritorika bizə nikbinlik üçün çox əsas vermir" deyən Blinken əlavə edib ki, "Baxmayaraq ki, vaxt daralır, İran tərəfindən kursu dəyişmək üçün hələ də gec deyil".

XS
SM
MD
LG