Accessibility links

Avstraliyada koronavirusun omikron variantına yoluxmalarda böyük artım qeydə alınıb


Cümə axşamı Avstraliya koronavirusun omikron variantına yoluxmalarda böyük bir artımın olduğunu bildirib. Bu səbəblə də ən çox yoluxma hallarının qeydə alındığı Yeni Cənubi Uels ştatında qapalı yerlərdə yenidən maska taxmaq məcburiyyəti tətbiq olunub.

Yeni Cənubi Uelsdə 5,715 yeni yoluxma və bir ölüm halı qeydə alınıb. Bundan bir gün öncə isə bu göstərici 3,763 olub.

"Biz bu yolu keçərkən demişik ki, vəziyyəti, qarşımızdakı dəlilləri izləyəcəyik. Bizim üçün əsas göstəricilər ümumi say deyil, daha çox xəstəxanalara, reanimasiya bölmələrinə yerləşdirilənlərin sayıdır. Burada əsas məsələ ştatımızdakı səhiyyə işçilərimizin xəstələnməməsi və xəstəxanaya daxil olan insanlara ehtiyac duyulan qayğını təmin etmək qabiliyyətinin olmasıdır".

Milad bayramından cəmi iki gün əvvəl COVID məhdudiyyətlərinin yenidən tətbiqi ölkənin təxminən iki il davam edən müvəqqəti qapanma tədbirlərindən sonra daimi olaraq yenidən açılma planlarına əngəl törədib. Ölkədə əhalinin 90%-dən çoxuna hər iki peyvənd dozasının tətbiq edilməsinə baxmayaraq, yeni variant sürətlə artmaqdadır.

İnfeksiyaların artması ilə bağlı məlumat Baş nazir Skot Morrisonun omikron variantının yayılmasının qarşısını almaq üçün bütün ölkə boyu karantin və ya maska mandatlarını rədd etməsindən bir gün sonra verilib.

Keçən yay paytaxt Kanberra COVID-19-un delta variantının sürətlə yayılması səbəbindən karantin elan edən Sidney və Melburn şəhərlərinə qoşulmuşdu. Ən son yoluxma iyun ayında qeydə alınmışdı.

ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi (CDC) bazar ertəsi sürətlə yayılan variantın keçən şənbə günü ölkədəki bütün yeni infeksiyaların 73%-ni təşkil etdiyini və əvvəlki həftədən təxminən 6% yüksək olduğunu bildirib.

CDC-nin bildirdiyinə görə, Nyu-York ştatı və ABŞ-ın cənub-şərq, orta-qərb və Sakit Okeanın şimal-qərb bölgələrində yeni infeksiyaların 90%-dən çoxunu omikron təşkil edir.

Omikronun meşə yanğınlarına bənzər sürətlə yayılması ABŞ rəsmilərini ya əvvəlki koronavirus məhdudiyyətlərini bərpa etməyə, ya da yeni qaydalar tətbiq etməyə sövq edib.

XS
SM
MD
LG