Avstraliya ölkə boyu azı 17 nəfərin ölümünə, minlərlə sakinin və ziyarətçinin sahilyanı bölgələrə qaçmasına səbəb olan apokaliptik yanğınların təsir göstəridiyi icmalara yardım etmək üçün çərşənbə günü hərbi gəmilər və təyyarələr göndərib.
Hərbi donanma gəmiləri və hərbi təyyarələr yanğın səbəbilə tədarükün tükəndiyi və yolların kəsildiyi bölgələrə su, ərzaq və yanacaq çatdırıb. Rəsmilər cümə günü Yeni Cənubi Uelsin cənub sahilindəki Konjola gölündə üç cəsəd aşkar edib ki, bununla ölənlərin sayı 15-ə çatıb.
Bölgədə 175-dən çox ev tamamilə dağılıb.
Sahilyanı Mallakuta şəhərinin 4 minə qədər sakini küləyin sürətlə evlərinə doğru gətirdiyi alovdan və tüstüdən sahilə doğru qaçmalı olub. Sakinlər və istirahətə gələnlər avtomobillərində yatmalı olub, yanacaqdoldurma məntəqələri və sörf-klublar evakuasiya məntəqələrinə çevrilib. Külək istiqamətini dəyişmədən və şəhərin qalan hissəsinə zərər vurmadan öncə orada onlarla ev yanıb.
Viktoriya ştatı Fövqəladə Hallar İdarəsinin komissarı Endryu Krisp jurnalistlərə Avstraliya Müdafiə Qüvvələrinın Mallakutaya iki həftə davam edəcək təchizat missiyası başlatdığını və yollar bağlı olduğu üçün əraziyə vertolyotlar vasitəsilə daha çox yanğınsöndürənin göndəriləcəyini deyib.
Çərşənbə günü vəziyyətin nisbətən düzəlməsinə baxmayaraq, 4 nəfərin itkin düşdüyü bölgədə təhlükə yüksək olaraq qalır.