Accessibility links

Avstriya, Çex Respublikası və Sloveniya Şimali Makedoniyanın Aİ-na üzvlüyünü dəstəkləyib


Zoran Zaev
Zoran Zaev

Avstriya, Çex Respublikası və Sloveniya Şimali Makedoniyanın Avropa İttifaqına üzvlüklə bağlı müzakirələri başlatmasını dəstəkləyib. Bundan bir gün öncə isə Bolqarıstan bu kiçik qərbi Balkan ölkəsini blok etmək üçün veto hüququndan istifadə etməyə davam edəcəyini deyib.

Üç ölkənin xarici işlər nazirləri mayın 22-də Şimali Makedoniyanın, habelə qonşu Albaniyanın Avropa İttifaqı ilə müzakirələr başlatmasına dəstəklərini ifadə ediblər və bildiriblər ki, ikitərəfli məsələlər regionun genişlənməsinin qarşısını almamalıdır.

Bolqarıstan mayın 21-də Şimali Makedoniya ilə Avropa İttifaqı arasında üzvlük danışıqlarına vetosunu qaldırmaq niyyətində olmadığını deyib. Buna səbəb iki ölkə arasında dil və tarixlə bağlı mübahisələrdir.

Avropa İttifaqına 2007-ci ildə qoşulan Bolqarıstan Skopyenin kimlik və dilinin Bolqarıstan köklərinə sahib olduğunu qəbul etməsini istəyir.

Skopye isə uzun illərdir makedon dilinin ayrı cənub slavyan dili olduğunu və ölkənin mədəniyyəti və milli kimliyini formalaşdırdığına israr edir. Sofiya isə makedon dilinin bolqar dilinin regional dili olduğunu deyir.

Üzvlüklə bağlı danışıqların çərçivəsinin müəyyən edilməsi üçün Aİ-nın bütün üzvləri buna yekdilliliklə dəstək verməlidir.

Avstriyadan Aleksanr Şallenberq, Çex Respublikasından Cakub Kulhanek və Sloveniyadan Anze Loqar iyunda başlayacağı gözlənilən Aİ-na üzvlük müzakirələrinə dəstəklərini ifadə etmək üçün Skopyeyə səfər edib.

Onlar daha sonra mayın 23-də Albaniyaya da səfər edəcək.

Kulhanek deyib ki, Avropa İttifaqına üzv ölkənin prosesə ölkələrarasındakı ikirətəfli məsələni şərt qoşması “ədalətsizdir.”

“Bu, kritik bir zamandır və biz prosesin bu cür tələblər səbəbilə ləngiməsinə imkan verə bilmərik,” o deyib.

Qərbdə bir çoxları Aİ-nı üzvlük danışıqlarını sürətləndirməyə çağırıb, çünki onlar ittifaqa üzvlüyü regionda Rusiya və Çinin nüfuz əldə etmək səylərinə qarşı mübarizə yolu olaraq görür.

Avropa Birliyinin Qonşuluq və Genişlənmə siyasəti üzrə Komissarı Olivye Varhelyi və Portuqaliyanın xarici işlər naziri Avqusto Santos Silva Sofiyada danışıqlardan sonra Şimali Makedoniyaya səfər edib.

Şimali Makedoniyanın baş naziri Zoran Zaev mayın 21-də deyib ki, iki rəsmi ölkənin Bolqarıstanla olan mübahisəsini həll etməsinə “yaxşı əsas” yaradan təklif irəli sürüb.

2004-cü ildə Avropa İttifaqına üzvlük üçün müraciət edən Skopye 2005-ci ildə Avropa Komissiyasından müsbət dəyərləndirilib.

XS
SM
MD
LG