Accessibility links

AXCP fəalı iki il üç ay azadlıqdan məhrum edilib


Əlzamin Salayev

AXCP fəalı Əlizamin Salayev 2 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Bu barədə aprelin 20-də Salyan rayon Məhkəməsi hökm çıxarıb.

Əlizamin Salayev Cinayət Məcəlləsinin 147 (böhtan) və 148-ci (təhqir) maddələri ilə təqsirli bilinib.

Salayev Salyan rayon Polis Şöbəsinin təhqiqat bölməsinin rəisi Həmzə Əzizovun 21 yaşlı gənc qızı zorladığını iddia edib.

Bu hökmlə bağlı Salyan rayon Məhkəməsindən hələ şərh almaq mümkün olmayıb.

AXCP-dən Amerikanın Səsinə bildiriblər ki, məhkəmədə ona dövlət tərəfindən təyin olunan vəkil təklif edilsə də, Əlizamin Salayev imtina edib.

Fəalın həbsi barədə Azərbaycan Xalq Cəbhəsi Partiyası ayrıca bəyanat yayıb.

Sənəddə deyilib ki, aprelin 20-də Salyan rayon Məhkəməsi sözügedən polis zabitinin şikayəti əsasında Əlizamin Salayevə heç bir araşdırma aparmadan təcili şəkildə, hazırlıq iclasında 2 il 3 ay həbs verib.

“Bütün Azərbaycan ictimaiyyətinə bəllidir ki, aylar öncə AXCP Salyan təşkilatının fəalı Əlizamin Salayev bir qadına qarşı hədə-qorxu yoluyla xoşagəlməz rəftarlara yol verən polis zabiti Həmzə Əzizovun əməllərini ifşa etmişdi. 21 yaşlı qadının ailə üzvləri də video müraciətdə xalqa bildrmişdilər ki, polis imkanlarından sui istifadə edərək qızı qardaşını həbs etməklə hədələyərək bu münasibətə məcbur edib. Hüquq mühafizə orqanları işi obyektiv araşdırmaq əvəzinə, Əlizamin bəyi həbs edərək işgəncələrə məruz qoymuş və 30 sutka inzibati həbs vermişdilər. Polis orqanlarındaki işgəncələrdən sonra Əlizəmin Salaeyev cərrahi əməliyat keçirməli olmuşdu.

Aprelin 20-də Salyan rayon Məhkəməsi sözügedən polis zabitinin şikayəti əsasında Əlizamin Salayevə heç bir araşdırma aparmadan təcili şəkildə, hazırlıq iclasında 2 il 3 ay həbs verib," bəyanatda deyilir

AXCP hesab edir ki, bu həbs də digər həbslər kimi AXCP-yə və fəal vətəndaşlara qarşı repressiyanın tərkib hissəsidir.

"Əlizamin Salayev son günlərdə repressiayaya məruz qalan 9-cu AXCP fəalıdır və onun həbsi birmənalı şəkildə hakimiyyəti sərt tənqid edən siyasi və vətəndaş mövqeyinə görədir. Axərbaycan Xalq Cəbhəsi Partiyası bəyan edir ki, bütün qanuni imkanlardan istifadə edərək Əlizamin Salayevin hüquqularını qoruyacaq və repressiyalar qarşısında bir addım da geri çəkilməyəcək. Bu addım və Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin artıq 7 gündür informasiya blokadasında saxlanması onu göstərir ki, repressiyalar ən yüksək səviyyədə siyasi sifarişin nəticəsidir," sənəddə qeyd edilir.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalı Əlizamin (Zamin) Salayevə qarşı Cinayət Məclləsinin 128-ci maddəsi ilə (Qəsdən sağlamlığa yüngül zərər vurma) cinayət işi açılıb.

AXCP fəalı 2019-2020-ci illərdə eyni ittihamla, İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə (Polisin qanuni tələbinə tabe olmamaq) 7 dəfə 15 sutkadan 30 sutkayadək müddətə inzibati həbsə məruz qalıb.

Salayev 2020-ci il yanvarın 13-də Bakının Səbail rayon Məhkəməsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 535-ci maddəsi ilə yenidən təqsirli bilinərək inzibati qaydada 30 sutka həbsə məhkum edilib.

O, məhkəmədə bildirib ki, həbsi Salyan rayonunun polisi barədə çəkdiyi video ilə bağlıdır.

Məhkəmədə Salayev bildirib ki, həbsi zamanı polis bölməsində ağır işgəncələrə məruz qalıb, elektrik cərəyanına verilib. İşgəncə zamanı çoxsaylı xəsarətlər alıb.

Öz növbəsində, Daxili İşlər Nazirliynin mətbuat xidməti Salayevin işgəncələrlə bağlı dediklərini təkzib edib.

XS
SM
MD
LG