Accessibility links

AXCP fəalı 25 sutka həbsə məhkum edilib


Noyabrın 3-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Ramiz Cəfərov inzibati qaydada həbs olunub.

AXCP-dən Amerikanın Səsinə bildiriblər ki, Cəfərov noyabrın 3-də Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinə çağırılıb:

"Səhər saatlarında ora gedib, sonra bir neçə saat barəsində xəbər ala bilmədik. Elə indi məlum olub ki, o, İnzibati Xətalar Məcəlləsinin 535-ci (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddəsi ilə Sabunçu Rayon Məhkəməsinin qərarı ilə 25 sutka müddətinə inzibati qaydada həbs olunub".

AXCP sədri Əli Kərimli bildirib ki, partiya fəalı şərlənərək həbs edilib.

"Tədbirli" hakimiyyət qiymət artımları ilə paralel olaraq siyasi fəalların həbslərini də artırır. İnsanlar nə qədər qiymət, dövlət rüsumu, vergi artımı xəbərləri oxusun? Bu artımların gözünə siyasi həbs xəbərləri də əlavə edilir ki, insanlar bahalaşmaya, dəhşətli sosial gərginliyə çox da etiraz etməsinlər. Əksinə, başqaları kimi şərlənib həbs edilmədiklərinə şükr etsinlər. Bu gün də AXCP Təşkilat Şöbəsinin əməkdaşı Ramiz (Qafqaz) Cəfərovu evindən polis idarəsinə çağırıb 25 sutka müddətinə inzibati qaydada həbs ediblər. 2 gün öncə isə gənc ictimai fəal Arif Paşayevi şərləyib 30 sutka müddətinə həbs etmişdilər," AXCP sədri Facebook səhifəsində qeyd edib.

AXCP-nin məlumatına Daxili İşlər Nazirliyi və Sabunçu Rayon Məhkəməsi hələ münasibət bildirməyib.

Azərbaycan hakimiyyəti isə bir qayda olaraq ölkədə dinc siyasi fəaliyyətə görə insanların həbs və təqib edilmədiyini vurğulayır.

XS
SM
MD
LG