Accessibility links

AXCP fəalı aclığı davam etdirir


Əlzamin Salayev məhkəmədən aparılarkən
Əlzamin Salayev məhkəmədən aparılarkən

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Əlzamin Salayev avqustun 4-də 17 saylı koloniyada aclıq elan edib. Bununla da ona tibbi yardım göstərilməməsinə etiraz edib.

Salayevin oğlu Oqtay Salayev Amerikanın Səsinə deyib ki, atasında ürək çatışmazlığı var və qara ciyəri genişlənib.

"Atam tez-tez bayılır və yerə yıxılır. Onu nəinki xəstəxanaya, hətta koloniyanın sanitar hissəsinə köçürmürlər," Oqtay Salayev deyib.

Əlzamin Salayevin vəkili Elçin Sadıqov deyib ki, Salayevin səhhətilə bağlı problemlərdən xəbərdar olsa da, hələlik onunla görüşə bilmir.

"Dünən məni onun yanına buraxmadılar. Bu gün bir daha görüş almağa çalışacam," vəkil deyib.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, Əlizamin Salayevin aclıq etməsi barədə yazılı müraciət daxil olmayıb.

"Əgər onun səhhətində problemlər yaranıbsa, müəssisədə həkim var və onlar məşğul olacaqlar," qurumun əməkdaşı qeyd edib.

Əlzamin Salayev 20 aprel 2020-ci ildə Salyan Rayon Məhkəməsi tərəfindən mühakimə olunub və 2 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. O, yerli polis şöbəsinin zabitinin şikayəti əsasında “böhtan” və “təhqir”də ittiham olunub. İddiaya Salayevin internetdə yaydığı videogörüntü səbəb olub. Videogörüntüdə o, polislə söhbətində onu 21 yaşlı yerli sakini birgə yaşamağa təhrik etməkdə günahlandırıb.

Salayev hüquq müdafiəçiləri tərəfindən siyasi məhbus kimi tanınıb.

XS
SM
MD
LG