Accessibility links

AXCP fəalı həbsxanada aclıq aksiyasına başlayıb


Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı, Qarabağ döyüşçüsü Babək Həsənov həbsxanada aclıq aksiyasına başlayıb.

Bu barədə Babək Həsənovun qardaşı Cavid Həsənli bildirib.

Onun sözlərinə görə, Babək Həsənov mayın 17-dən aksiyaya başlayıb, bu barədə saxlandığı 6 saylı Cəzaçəkmə Müəssisəsinin rəhbərliyinə yazılı məlumat verib.

Cavid Həsənli qeyd edib ki, Babək Həsənov özü mayın 17-də ailəsi ilə telefonla danışarkən bunları deyib.

Babək Həsənov bildirib ki, son günlər 6 saylı Cəzaçəkmə Müəssisəsinin rəhbərliyi tərəfindən ona qarşı yenidən təzyiqlər başlayıb. Belə ki, onun digər məhkumlarla görüşünə təcrid qoyulub və onunla təmasda olan məhkumlara təzyiqlər edilərək, bir daha Babək Həsənovla görüşməmək tapşırılır, əks təqdirdə onlara təzyiqlər edilir.

“Mayın 16-da Babək bəyi şam yeməyinə dəvət edən Qorxmaz Mehdiyev adlı məhkuma müəssisə rəhbərliyi tərəfindən təzyiq edilib, Babək Həsənovu haradan tanıdığı barədə ons sorğu-sual edilib və bir daha onunla təmasda olmamaq göstərişi verilib. 17 mayda səhər toplanışından qabaq Qorxmaz Mehdiyevlə Babək Həsənov müəssisənin həyətində birgə gəzinti etdikləri üçün Qorxmaz Mehdiyev rəhbərlik tərəfindən döyülərək karsa salınıb.
Bütün bunlara etiraz əlaməti olaraq Babək Həsənov müəssisə rəhbərliyinə yazılı məlumat verərək aclıq aksiyasına başladığını bildirib.

Babək Həsənov müəssisə rəhbərliyi tərəfindən ona qarşı qeyri-insani davranışlara son qoyulması, Qorxmaz Mehdiyevin karsdan (cərimə təcridxanası) çıxarılması, Qorxmaz Mehdiyevə təzyiq göstərib, işgəncə verən müəssisə əməkdaşlarının cəzalandırılmasını tələb edir.

Cavid Həsənli qeyd edir ki, Babək Həsənov həmçinin bildirib ki, 6 saylı Cəzaçəkmə Müəssisəsində olduqca acınacaqlı vəziyyətdir. Məhkumlara heç bir əsas olmadan amansız təzyiqlər edilir, həftələrlə, hətta bir ay karsda saxlanılır, sonra isə rüşvət müqabilində azad edirlər.

Bundan əlavə Babək Həsənov müəssisə ərazisində mağazada bahalıq olduğu, bəzi məhsulların 200, hətta 400 faiz baha satıldığını bildirib.

Məhkumlara sovqatın qəbul edilmədiyi bir vaxtda belə bahalıq ciddi narazılıq yaradıb.

"Babək Həsənov ailəsi ilə telefon danışığında bu məlumatların ictimailəşməsini, hüquq müdafiəçilərinin, ölkə rəhbərliyinin diqqətinə çatdırılmasını xahiş edib,” o bildirib.

Ədliyyə Nazirliyinin Penitensiar Xidməti təkzib edir

Azərbaycan Ədliyyə Nazirliyi Penitensiar Xidməti aclıq aksiyası, istər bir məhbusla ünsiyyətə görə digərinin təzyiqə məruz qalması, istərsə də ərzağın baha satılması barədə deyilənləri təkzib edir. Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov deyir ki, 6 saylı Cəzaçəkmə Müəssisəsində aclıq edən məhbus yoxdur:

Sadıqovun sözlərinə görə, ərzaq və başqa tələbat mallarının müəssisə daxilindəki köşklərdə 2-4 dəfə baha satılması haqda deyilənlər də gerçək deyil. Şöbə rəisi deyir ki, orada yalnız zəruri tələbat malları satılır, özü də adi mağazalarda olan qiymətə.

Həsənovla ünsiyyətə görə başqa məhkumun cəzalandırılmasına gəlincə, Mehman Sadıqov deyir ki, bu, mümkün deyil.

Xatırlatma

Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumatına görə, AXCP funksionerləri və Saleh Rüstəmov çirkli pul vəsaitlərini leqallaşdırmaqda ittiham olunur.

Bakı Ağır Cinayətlər Məhkəməsi 2018-ci il fevralın 27-də Gədəbəy rayon İcra Hakimiyyətinin keçmiş başçısı Saleh Rüstəmovu 7 il 3 ay, AXCP Rəyasət Heyətinin üzvü Aqil Məhərrəmovu 4 il, bu partiyanın Nərimanov rayon şöbəsinin sədri Babək Həsənovu 3 il həbsə məhkum edib.

XS
SM
MD
LG