İyulun 14-15-də keçirilən "Azərbaycan Ordusuna dəstək" aksiyası zamanı yaranan insidetlə bağlı qaldırlan cinayət işi üzrə həbs edilən Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı İsmayıl Həsənov saxlanıldığı 1 saylı Bakı İstintaq Təcridxanasında avqustun 16-dan aclıq aksiyasına başlayıb. O, aclığa başlaması barədə təcrisxananın rəhbərliyinə yazılı məlumat verib.
"Aclıq aksiyanın səbəbi Həsənovun haqsız istintaqa cəlb olunması, barəsində həbs-qətimkan tədbiri seçilməsi və ailəsilə telefon əlaqəsinə imkan verilməməsidir," AXCP-nin məlumatında deyilir.
Həsənov iyulun 19-da saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 186.2.1-ci (zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla əmlakı qəsdən məhv etmə və ya zədələmə), 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə ittiham elan edilib. İyulun 21-də məhkəmə onun barəsində 3 ay həbs-qətimkan tədbiri seçib.
Penitensiar Xidmətdən şərh almaq mümkün olmayıb.
Xatırladaq ki, aksiyadan sonra saxlanılan AXCP Rəyasət Heyətinin üzvü Məmməd İbrahimin oğlu Mehdi İbrahimov da eyni tələblərlə avqustun 10-dan həbsxanada aclıq aksiyasına başlayıb.
AXCP-nin məlumatına görə, Azərbaycanın dövlət sərhədinin Tovuz rayonu istiqamətində döyüşlərdə iştirak edən Azərbaycan Ordusunu dəstəkləmək məqsədi ilə iyulun 14-15-də keçirilən aksiya zamanı yaranan insident faktı üzrə qaldırılmış cinayət işi üzrə bu partiyanın 47 nəfər fəalı həbs edilib.
“Onlardan 17 nəfərinə qarşı ağır ittihamlar irəli sürülüb. 17 nəfər inzibati qaydada həbs edilib. 1 nəfər ev dustaqlığındadır. 12 nəfər şahid qismində dindirilərək sərbəst buraxılıb. AXCP-nin 10 üzvü isə öncədən siyasi məhbusdur. Beləliklə, hazırda AXCP-nin 43 fəalı siyasi sifarişlə həbsdədir,” məlumatda qeyd edilir.
AXCP fəallarının həbsini siyasi sifariş hesab edir.
Qısa tarixcə və rəsmi məlumat
İyulun 14-də Bakıda minlərlə insanın Ermənistan-Azərbaycan sərhədində gedən döyüşlərə dəstək məqsədilə keçirdiyi yürüş-mitinq iyulun 15-də səhərə yaxın polis tərəfindən dağıdılıb. Aksiyanın dağıdılması zamanı polis su şırnaqlarından, gözyaşardıcı qazdan və dəyənəklərdən istifadə edib.
Belə ki, gecə saatlarında bir qrup aksiya iştirakçısı parlamentin binasına daxil olub, polis avtomobili aşırılıb. Bu zaman polis aksiyaçıları parlamentin binasından çıxarıb və polislə qarşıdurma yaşanıb.
Yaranmış insidentlə bağlı cinayət işi qaldırlıb, çoxsaylı insan həbs edilib.
Rəsmi qurumlar həbs edilənlərin sayı barədə məlumat verməsə də, hüquq müdafiəçiləri onların sayının yüzdən çox olduğunu güman edir.