Accessibility links

AXCP fəalı məhkəməyə gətirilməyib, proses təxirə salınıb


Bu gün, avqustun 28-də Bakının Nəsimi rayon Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Ramid Nağıyevin həbsinin ev dustaqlığı ilə əvəz olunmasına dair vəkil Aqil Layicovun vəsatətinə baxılmasına başlanılıb. Hakim Babək Pənahovun sədrliyi ilə keçirilən proses Ramid Nağıyevin iştirakı təmin olunmadığı üçün qeyri-müəyyən vaxtadək təxirə salınıb.

AXCP-nin məlumatına görə, Penitensiar Xidmətin 3 saylı İxtisaslaşdırılmış Müalicə Müəssisəsinin arayışından bəlli olub ki, Ramid Nağıyevdən iyulun 29-u və 30-u, avqustun 12-də götürülmüş COVİD-19 testinin nəticəsi neqativ çıxıb.

“Beləliklə, əvvəlki testlərdən 21 günlük karantin müddəti, sonrakı testdən isə 14 günlük karantin müddəti keçib. Ramid Nağıyevin İxtisaslaşdırılmış Müalicə Müəssisəsində saxlanılması qanunsuzdur. 18 iyuldan həbs olunan Ramid Nağıyevlə bağlı heç bir istintaq hərəkəti aparılmayıb. Yaxınları ilə ünsiyyətinə şərait yaradılmayıb. Bütün bunlar onun yaxınlarında Ramid Nağıyevə işgəncə verilməsi ehtimalını artırır”, məlumatda qeyd edilir.

Milli Məclisin qarşısında iyulun 14-15-də Azərbaycan Ordusunu müdafiə məqsədi il keçirilən aksiya zamanı baş vermis insidentlə bağlı qaldırılan cinayət işi üzrə Ramid Nağıyev həbs edilib. İyulun 20-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Binəqədi rayon şöbəsinin üzvü Nağıyev barəsində Nəsimi rayon Məhkəməsi 3 aylıq həbs qətimkan tədbiri seçib. Ona qarşı Cinayət Məcəlləsinin 186.2.1-ci (zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla əmlakı qəsdən məhv etmə və ya zədələmə), 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə ittiham elan edilib.

AXCP-nin məlumatına görə, Azərbaycanın dövlət sərhədinin Tovuz rayonu istiqamətində döyüşlərdə iştirak edən Azərbaycan Ordusunu dəstəkləmək məqsədi ilə iyulun 14-15-də keçirilən aksiya zamanı yaranan insident faktı üzrə qaldırılmış cinayət işi üzrə bu partiyanın 48 nəfər fəalı həbs edilib.

“Onlardan 17 nəfərinə qarşı ağır ittihamlar irəli sürülüb. 18 nəfər inzibati qaydada həbs edilib. 1 nəfər ev dustaqlığındadır. 12 nəfər şahid qismində dindirilərək sərbəst buraxılıb. AXCP-nin 10 üzvüöncədən siyasi məhbusdur. Beləliklə, hazırda AXCP-nin 43 fəalı siyasi sifarişlə həbsdədir,” məlumatda qeyd edilir.

Partiya fəallarının həbsini `siyasi sifariş` və `absurd` sayır.

Qısa tarixcə və rəsmi məlumat

İyulun 14-də Bakıda minlərlə insanın Ermənistan-Azərbaycan sərhədində gedən döyüşlərə dəstək məqsədilə keçirdiyi yürüş-mitinq iyulun 15-də səhərə yaxın polis tərəfindən dağıdılıb. Aksiyanın dağıdılması zamanı polis su şırnaqlarından, gözyaşardıcı qazdan və dəyənəklərdən istifadə edib.

Belə ki, gecə saatlarında bir qrup aksiya iştirakçısı parlamentin binasına daxil olub, polis avtomobili aşırılıb. Bu zaman polis aksiyaçıları parlamentin binasından çıxarıb və polislə qarşıdurma yaşanıb.

Yaranmış insidentlə bağlı cinayət işi qaldırlıb, çoxsaylı insan həbs edilib.

Rəsmi qurumlar həbs edilənlərin sayı barədə məlumat verməsə də, hüquq müdafiəçiləri onların sayının yüzdən çox olduğunu güman edir.

AXCP aksiyada iştirak edən fəallarının insidentdə iştirak etmədiyini, Milli Məclisin binasına daxil olmadığını bildirib. Bir sıra həbs edilən AXCP funksionerləri isə aksiyda ümumiyyətlə iştirak etməyib.

XS
SM
MD
LG