Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Lənkəran rayon təşkilatının sədri Nazim Həsənov fevralın 9-da yerli polis idarəsinə aparılıb.
Bu barədə Nazim Həsənovun özü deyib.
Onun sözlərinə görə, fəalı polis əməkdaşlarının müşayiətilə şəhər idarəsinə aparıblar, üç saatdan sonra isə evə qaytarıblar.
“Polis idarəsinə nəyə görə aparıldığımı özüm də bilmirdim. Məni rəis müavini Yelmar Mehdiyev qəbul etdi. Saymazayana məni dövlətə qaşrı yazılar yazmaqda, dövləti devirmək istəyində suçladı. Mən də dedim ki, dövlət əleyhinə heç nə yazmamışam, biz hökumətə müxalifik, əgər qanunsuz nəsə yazmışamsa cavab verməyə hazıram. Məni 5-10 sutka inzibati cəza ilə hədələdi, apardığımız mübarizədən geri çəkilən olmadığımızı söylədim,” Nazim Həsənov bildirib.
Bundan sonra polis rəisinin köməkçisi Nazim Həsənovla analoji söhbət edib, sonra onu sərbəst buraxıblar. Müxalifətçi polisin hərəkətlərini siyasi fəaliyyətlə əlaqədar ona təzyiq kimi qiymətləndirib.
Öz növbəsində, Daxili İşlər Nazirliyinin rəsmisi Elşad Hacıyev Həsənovun dediklərini "əsassız və həqiqətə uyğun olmayan" adlandırıb.
"Nazim Həsənovla profilaktik söhbət aparılıb, bundan sonra o sərbəst buraxılıb. Onun barəsində heç bir araşdırma yoxdur," Hacıyev qeyd edib.