Bu gün, iyulun 20-də Bakı şəhəri, Xətai rayon Məhkəməsi hakim Lalə Rəhimlinin sədrliyi ilə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Səid Məmmədzadə (Bakuvi) barəsində seçilmiş həbs qətimkan tədbirinim ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olunması barədə qərar qəbul edib.
Vəkil Elçin Sadıqov bildirib ki, məhkəmə Məmmədzadəni avqustun15-dək ev dustaqlığına buraxıb.
“Məhkəmə vəsatətimizi təmin etdi. Allah bütün təqsirsiz məhkumların qapısını açsın,” vəkil Facebook səhifəsində yazıb.
Mayın 18-də Bakının Xətai rayon Məhkəməsi hakim Bəxtiyar Məmmədovun sədrliyi ilə Səid Məmmədzadə barəsində 3 aylıq həbs qətimkan tədbiri seçib.
Məmmədzadə Cinayət Məcəlləsinin 221.3 maddəsi (xuliqanlıq - silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) ilə günahlandırılır.
İttiham sübut olunarsa AXCP fəalını 2 ildən 6 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası gözləyir.
Səid Məmmədzadənin həbsi Facebook səhifəsində hökuməti və yüksək vəzifəli rəsmi şəxsləri kəskin tənqidindən sonraya təsadüf edir.
Səid Məmmədzadə ittihamı qəbul etmir. O məhkəmədə kiməsə xəsarət yetirmədiyini bildirib.
AXCP sədri Əli Kərimli bildirib ki, ölkənin adlı-sanlı idmançısı, mötəbər yarışlarda Azərbaycan bayrağını dəfələrlə ucaltmış Səid Bakuvi həbsinin siyasi sifarişdir.
“Zülmün ərşə dirəndiyi, parlaq gənclərin şərlənib məhbəslərdə çürüdüldüyü bu günlərdə gərək özünə demokrat deyən kimsə susmasın. Bu rüsvayçılığa, anti-insani əməllərə necə susmaq olar axı?” AXCP sədri qeyd edib.
AXCP bildirir ki, karantin dövründə bu partiyanın otuzdan çox fəalı inzibati qaydada, dörd fəalı isə cinayət təqibi ilə həbs edilib.
Öz növbəsində, Azərbaycan hökuməti ölkədə karantin rejiminin tətbiqi zamanı ayrıseşkiliyə yol verilmədiyini, insanların siyasi baxışlarına görə təqib edilmədiyini, bütün insanların qanun qarşısında bərabər olduğunu bildirir.