Accessibility links

AXCP fəalı karantin rejimini pozmaqda günahlandırılır


Faiq Əmirli
Faiq Əmirli

Azərbaycan Xalq Cəbəhsi Partiyasının fəalı Faiq Əmirli bir qədər əvvəl mülki geyimli bir neçə şəxs tərəfindən zorla saxlanılaraq naməlum istiqamətə aparılıb.

Bu barədə Amerikanın Səsinə Faiq Əmirlinin həyat yoldaşı Lalə Əmirli bildirib.

“Faiqi üç avtomobildə olan mülki geyimli şəxslər saxlayıb. Onlar Faiqi Səbail rayonu, 20 Sahədə, yaşadığımız evin yaxınlığındakı mağazanın qarşısında saxlayıblar. Mülki geyimli 5-6 nəfər Faiqin boynundan tutaraq, zorla avtomobilə oturdaraq aparıblar,” o qeyd edib.

Bir qədər sonra Lalə Əmrili Amerikanın Səsinə deyib ki, Səbail Rayon Polis İdarəsindən ona bildiriblər ki, Faiq Əmirli karantin rejimini pozmaqda günahlandırılır. Ona qarşı İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) tətbiq edilməklə Səbail rayon Məhkəməsinə göndərilib. Həmin maddənin sanksiyasında deyilir ki, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər iki min manatdan beş min manatadək məbləğdə cərimə edilir.

AXCP sədri Əli Kərimli bildirib ki, dünyada ikinci ölkə yoxdur ki, koronavirusla mübarizə, karantin dövründə müxalifətə qarşı repressiyaları ilə gündəmə gəlsin.

"Adamlar ölçü, reallıq hissini tam itiriblər. Sanki özlərinə söz veriblər ki, ölkənin adının neqativ mənada dünyanın gündəmindən düşməsinə imkan verməyəcəklər. Repressiyaların durdurulmasını, Faiq Əmirlinin azad olunmasını tələb edirik!", o qeyd edib.

Rəsmi qurumlar AXCP fəalının saxlanılması barədə hələ məlumat yaymayıb.

Faiq Əmirli bundan öncə 2016-cı ildə həbs olunub.

Azadlıq qəzetinin maliyyə direktoru olmuş Faiq Əmirli 2016-cı il avqustun 20-də saxlanılıb. O, əvvəlcə Cinayət Məcəlləsinin 168.1-ci (dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etmə) və 283.2.2-ci (KİV-dən istifadə etməklə milli, irqi, sosial, dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham olunub. İlk anlarda Əmirli Türkiyədə fəaliyyət göstərən “Hizmet” Hərəkatının imamı kimi təqdim olunub.

Sonradan, 2017-ci il aprelin 17-də ona yeni ittihamlar irəli sürülüb - Cinayət Məcəlləsinin 213.1-ci maddəsi (vergidən yayınma) və 308-ci maddəsi (vəzifə səlahiyyətindən sui-istifadə).

Əmirli ittihamı “gülünc və sifariş” adlandırıb.

2017-ci il sentrabrın 15-də Apellyasiya Məhkəməsi onun barəsində 2 il 6 ay şərti cəza təyin edərək məhkəmə zalından azadlığa buraxıb.

XS
SM
MD
LG