Aprelin 10-da Bakının Binəqədi rayon Məhkəməsi hakim Vüsal Tağıyevin sədrliyi ilə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Ali Məclisin üzvü Nicat Abdullayevi İnzibati Xətalar Məcəlləsinin 535.1 maddəsi (Polisin qanuni tələbinə tabe olmamaq) ilə ittiham edərək 30 sutka inzibati həbsə məhku edib.
Bu barədə Amerikanın Səsinə AXCP-dən bildiriblər.
Daxili İşlər Nazirliyi ölkədə insanların dinc siyasi fəaliyyətlərinə görə həbs olunması ilə bağlı deyilənləri qəbul etmir və siyasi mənsubiyyətindən asılı olmayaraq hər bir insanın qanunvericiliyi pozduğuna görə məsuliyyət daşıdığını bildirir.
Öz növbəsində AXCP sədri Əli Kərimli Nicat Abdullayevin saxlanılmasına münasibət bildirib.
“Bu gün də AXCP Ali Məclisinin üzvü Nicat Abdullazadəni həbs etdilər. Koronavirusdan sui-istifadə edib, AXCP fəallarını həbs etmə əməliyyatı tam gücü ilə davam edir. Bunlar virusdan yox, müxalifətdən qorxurlarmış. Maaşsız, yardımsız evlərinə qapadılmış milyonlarla insanımıza yardım tələb etməyimiz hökuməti bərk incidib. Çox həyacanlanıblar,” AXCP sədri qeyd edib.
Qeyd edək ki, aprelin 9-da AXCP fəalları Faiq Əmirov və Ruslan Əmirov karantin rejimini pozmaqda ittiham olunaraq 30 sutka inzibati həbs olunublar.