Accessibility links

AXCP fəalı Telman Seyfullayev barəsində həbs qətimkan tədbiri seçilib


Telman Seyfullayev

Bu gün, iyulun 23-də Bakının Nəsimi rayon Məhkəməsi hakim Elməddin Hüseynovun sədrliyi ilə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Telman Seyfullayev barəsində 3 aylıq həbs qətimkan tədbiri seçib. O Cinayət Məcəlləsinin 186.2.1-ci (özgə əmlakına ziyan vurulması), 233-cü (ictimai qaydanın pozulması) və 315-ci (polisə tabe olmamaq) maddələri ilə təqsirli bilinir.

Vəkil Bəxtiyar Hacıyev Amerikanın Səsinə bildirib ki, Telman Seyfullayev özünü təqsirli bilmir və məhkəmənin qərarından apellyasiya şikayəti verəcək.

“İstintaq məhkəməyə heç bir arqument gətirə bilmədi, heç bir sübut təqdim edə bilmədi. Telman Seyfullayev məhkəməyə bildirdi ki, dinc nümayişdə iştirak edib. Ancaq parlamentin qarşısınadək getməyib, heç bir çağırış etməyib, hər hansı zorakı hərəkətdə iştirak etməyib. Məhkəmədən xahiş etdik ki, Telman Seyfullayevə qarşı irəli sürülən ittihamları sübut edəcək kamera görüntüləri varsa məhkəməyə təqdim edilsin. Vəsatətimiz təmin edilmədi, məhkəməyə kamera görüntüləri təqdim edilmədi. Məhkəmə heç bir sübut olmadan qərar qəbul etdi,” o Amerikanın Səsinə bildirib.

Dövlət hesabına təyin edilmiş vəkil Pərviz Qurbanov Telman Seyfullayevin həyat yoldaşının xəstə olmasını məhkəməınin diqqətinə çatdırıb və ailə vəziyyəti ilə bağlı onun barəsində ev dustaqlığı qəti imkan tədbiri seçilməsi barədə vəsatət qaldırıb. Məhkəmə bu vəsatəti də təmin etməyib.

Hər iki vəkil Telman Seyfullayevin apellyasiya şikayətini müdafiə edəcək.

Telman Seyfullayevin hazırda ABŞ-da olan oğlu Rəvan Seyfulla yazır ki, atasının günahı olmadan ona qarşı cinayət işi açılıb, barəsində həbs qətimkan tədbiri seçilib.

“Bir sözlə, atam hazırda əsirlikdədədir. Məni narahat edən digər səbəblərdən biri isə anamın səhhətidir. O xəstəliklə belə ağır yükə necə tab gətirər, bilmirəm. Bu qədər qəddarlıq, nifrət olmaz,” o qeyd edib.

Rəsmi qurumlar Telman Seyfullayevin həbsi ilə bağlı hələ məlumat yaymayıb.

Xatırladaq ki, AXCP son günlərdə azı 30 fəalının saxlanıldığını bildirir.

Qısa tarixcə və rəsmi məlumat

İyulun 14-də Bakıda minlərlə insanın Ermənistan-Azərbaycan sərhədində gedən döyüşlərə dəstək məqsədilə keçirdiyi yürüş-mitinq iyulun 15-də səhərə yaxın polis tərəfindən dağıdılıb. Aksiyanın dağıdılması zamanı polis su şırnaqlarından, gözyaşardıcı qazdan və dəyənəklərdən istifadə edib.

Belə ki, gecə saatlarında bir qrup aksiya iştirakçısı parlamentin binasına daxil olub, polis avtomobili aşırılıb. Bu zaman polis aksiyaçıları parlamentin binasından çıxarıb və polislə qarşıdurma yaşanıb. Çoxsaylı insan saxlanılıb.

Azərbaycan Baş Prokurorluğu və Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətləri bildirib ki, iyulun 14-də Milli Məclisin qarşısında keçirlən aksiya zamanı baş vermis insident faktı üzrə cinayət işi başlanıb, istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

“Təəssüflər olsun ki, dinc və vətənpərvər ruhda keçən aksiya zamanı bir qrup təxribatçı ictimai qaydanın kobud surətdə pozulmasına səbəb olan hərəkətlərə yol verib, aksiyanın təhlükəsizliyini təmin edən polis əməkdaşlarına müqavimət göstərib və zor tətbiq edib, nəticədə bir neçə polis əməkdaşına müxtəlif dərəcəli bədən xəsarətləri yetirilib, xidməti avtomobillərə ciddi ziyan vurulub. Polis əməkdaşları tərəfindən dəfələrlə edilmiş xəbərdarlıqlara məhəl qoyulmadığından, eləcə də vəziyyətin daha da gərginləşməsinin qarşısının alınması üçün görülmüş operativ tədbirlərlə ictimai asayiş bərpa edilib,” məlumatda qeyd edilir.

Milli Məclis Aparatının məlumatında deyilir ki, Milli Məclisin qarşısına toplaşan yürüş iştirakçılarının bir qismi gecə saatlarında qeyri-qanuni olaraq parlamentin inzibati binasına daxil olub.

“Milli Məclisin birinci mərtəbəsinə toplaşan yürüş iştirakçıları bir sıra dağıntılar törədib, parlamentin mülkiyyətinə və inventarına ziyan vurub. Asayişi qoruyan polis əməkdaşları yürüş iştirakçılarını binanı tərk etməyə çağırıb və onlar Milli Məclisin binasından çıxarılıb,” məlumatda qeyd edilir.

Prezident İlham Əliyev iyulun 15-də Nazirlər Kabinetinin iclasında insidentin təşkilində Azərbaycan Xalq Cəbhəsi Partiyasını günahlandırıb.

“Bunlardır, bunlar idi Azərbaycan dövlətçiliyini yıxmaq istəyənlər. Biz bunların nazı iləmi oynayacağıq? Onlara elə dərs veriləcək ki, bu, son dərs olacaqdır. Ona görə, bir daha demək istəyirəm, hüquq-mühafizə orqanları bu işlərlə məşğul olacaq. Onların bütün antidövlət çıxışları, çağırışları təhlil ediləcək. Əgər orada cinayət tərkibi varsa, onlar dərhal cinayət məsuliyyətinə cəlb edilməlidir. Biz “Beşinci kolon”la bu işi bitirməliyik, belə davam edə bilməz. Yəni, burada dözümlülük qətiyyən yolverilməzdir. Adi günlərdə biz bəzi hallarda gözümüzü yumuruq, deyirik ki, əhəmiyyətsiz şeydir. Amma belə vəziyyətdə bu, düşmənçilikdir. Bu gün bu düşmənçiliyin başında dayanan Azərbaycan Xalq Cəbhəsidir, onun çirkin, satqın rəhbərləridir, özünü lider sayan qorxaqlar, fərarilərdir. Onlar artıq Azərbaycan xalqı tərəfindən dəfələrlə öz yerini görüblər və görəcəklər,” prezident qeyd edib

AXCP isə yürüşün təşkilatçısı olmadığını bildirib.

"Ötən gün keçirilən yürüşün təşkilatçısı Milli Şura, AXCP olmasa da, bütün aqressiyanın bu düşərgəyə yönəlməsi, hökumətin əsas məqsədindən xəbər verir. Bir daha aydın olur ki, İlham Əliyev əsgər və zabitlərimizi şəhid edən düşmənlə deyil, müxalifətlə müharibəni prioritet hesab edir. Faktiki olaraq İlham Əliyev növbəti repressiyalara göstəriş verdi və bütün qurumları AXCP-yə qarşı amansız mübarizəyə səslədi. Deməli, məqsəd erməniləri yox, real müxalifəti sıradan çıxarmaqdı. Ölkəyə rəhbərlik edən şəxs belə bir vaxtda ölkə və dünya ictimaiyyətinə həmrəylik mesajı vermək əvəzinə, qisasçılıq mesajı verdi. Ölkə başçısına yaraşmayan leksikon sərgilədi, rəqiblərini təhqir etdi, heç bir dəlil-sübut olmadığı halda təxribatda suçladı, cinayətkar adlandırdı," AXCP-nin bəyanatında deyilir.

Hüquq müdaqfiə təşkilatının həbslərlə bağlı araşdırması

“Müdafiə xətti” hüquq-müdafiə təşkilatınının araşdırmalarından məlum olur ki, iyulun 14-15-də orduya dəstək nümayişi ilə bağlı cinayət işi üzrə 25 nəfər həbs edilib.

Həbs olunanlardan 10 nəfəri Xalq Cəbhəsi Partiyasının, 1 nəfər Demokratiya və Rifah Hərəkatının, 2 nəfər Müsəlman Birliyi Hərəkatının, 1 nəfər Naxçıvan Muxtar Respublikasının keçmiş daxili işlıər naziridir. Qalanları bitərəfdir.

Onlar Cinayət Məcəlləsinin 186.2.1-ci (özgə əmlakına ziyan vurulması), 233-cü (ictimai qaydanın pozulması) və 315-ci (polisə tabe olmamaq) maddələri ilə ittiham olunurlar. Təqsirləndirilən şəxsləri 7 il müddətinə azadlıqdan məhrumetmə cəzası gözləyir.

Nəsimi Rayon Məhkəməsinin qərarı ilə onların hamısı barəsində 3 ay həbs qətimkan tədbiri seçilib.

Aksiyanın daha üç iştirakçısı Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi (karantin rejiminin pozulması, yoluxucu xəstəliklərin yayılmasına səbəb olduqda) üzrə cəlb edilib.

Onların ikisi AXCP üzvü, biri isə AXCP üzvü Məmməd İbrahimin oğludur. Bu maddə üzrə maksimum cəza 3 il azadlıqdan məhrumetmədir.

Bundan əlavə, AXCP-nin 9 üzvü inzibati qaydada həbs edilib. Daha yeddi nəfər saxlanıldıqdan sonra sərbəst buraxılıb.

“Müdafiə xətti” təşkilatı həbs olunanların sayının daha çox ola biləcəyini istisna etmir.

Rəsmi qurumlar saxlanılanlar və həbs edilənlərin sayı ilə bağlı hələ məlumat yaymayıb.

“Müdafiə xətti" bu ilin iyulunda yaradılıb. İcraçı direktoru prokurorluğun keçmiş müstəntiqi və siyasi məhbus Rüfət Səfərovdur.

Şərhlərə bax

XS
SM
MD
LG