Accessibility links

AXCP fəalı 30 sutka həbsə məhkum edilib


Orxan Səlimzadə
Orxan Səlimzadə

Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalı Orxan Səlimzadə İnzibati Xətalar Məcəlləsinin 535-ci maddəsi (Polisin qanuni tələbinə tabe olmamaq) ilə günahlı bilinərək 30 sutka inzibati həbsə məhkum edilib.

Bu barədə fəalın ailəsinə Daxili İşlər Nazirliynin İnzibati Həbs Olunanların Saxlanma Məntəqəsindən bildiriblər.

Fəalın ailə üzvü Amerikanın Səsinə deyib ki, Səlimzadənin həbsinin səbəbi məlum deyil.

“Dedilər ki, Daxili İşlər Nazirliynin İnzibati Həbs Olunanların Saxlanma Məntəqəsindədir və dünən gətirilib. O İnzibati Xətalar Məcəlləsinin 535-ci maddəsi ilə ittiham olunub," o qeyd edib.

***

Azərbaycan Xalq Cəbhəsi Pariyası (AXCP) Gənclər Komitəsinin fəalı Orxan Səlimzadədən avqustun 18-dən xəbər yoxdur.

Orxan Səlimzadənin ailəsindən Amerikanın Səsinə bildiriblər ki, onunla sonuncu dəfə avqustun 18-də saat 16-17 arası işdə olduğu vaxt telefon əlaqələri olub.

“Işdən sonra evə gəlməyib. Saat 19-dan sonra zənglərə cavab verməyib. Daxili İşlər Nazirliyinin 102 Zəng Mərkəzinə zəng edilib, ərazi üzrə Binəqədi rayon polisinə yönləndirilib. Onlar isə Orxan Səlimzadənin bu rayonun polis bölmələrində olmadığını bildirib. Bu gün, avqustun 18-də saat 10.20-də Səlimzadənin telefonuna zəng çatıb, amma cavab verən olmayıb, ondan sonra telefon yenə söndürülüb,” fəalın ailəsindən Amerikanın Səsinə bildiriblər.

Amerikanın Səsi fəalın taleyi ilə bağlı hüquq mühafizə orqanlarından hələ məlumat ala bilməyib.

AXCP güman edir ki, Səlimzadənin saxlanılması iyulun 14-15-də Azərbaycan Ordusunu müdafiə məqsədi ilə keçirilən aksiyada iştirakı ilə bağlıdır.

“Orxan Səlimzadə məcburi köçkündür. O, Füzuli rayonundandır və Azərbaycanın torpaqlarının azad edilməsini istəyir. Bu səbəbdən də Azərbaycan Ordusuna dəstək aksiyasında iştirak edib. Səlimzadə aksiya zamanı hər hansı insidentin iştirakçısı olmayıb. O həm də tənqidi statuslarından sonra saxlanılıb. Orxan Səlimzadənin saxlanılması sırf siyasi səbəblərlə bağlıdır,” AXCP bildirir.

AXCP-nin məlumatına görə, Azərbaycanın dövlət sərhədinin Tovuz rayonu istiqamətində döyüşlərdə iştirak edən Azərbaycan Ordusunu dəstəkləmək məqsədi ilə iyulun 14-15-də keçirilən aksiya zamanı yaranan insident faktı üzrə qaldırılmış cinayət işi üzrə bu partiyanın 48 nəfər fəalı həbs edilib.

“Onlardan 17 nəfərinə qarşı ağır ittihamlar irəli sürülüb. 17 nəfər inzibati qaydada həbs edilib. 1 nəfər ev dustaqlığındadır. 12 nəfər şahid qismində dindirilərək sərbəst buraxılıb.1 nəfərin taleyi hələ bəlli deyil. AXCP-nin 10 üzvü isə öncədən siyasi məhbusdur. Beləliklə, hazırda AXCP-nin 43 fəalı siyasi sifarişlə həbsdədir,” məlumatda qeyd edilir.

Qısa tarixcə və rəsmi məlumat

İyulun 14-də Bakıda minlərlə insanın Ermənistan-Azərbaycan sərhədində gedən döyüşlərə dəstək məqsədilə keçirdiyi yürüş-mitinq iyulun 15-də səhərə yaxın polis tərəfindən dağıdılıb. Aksiyanın dağıdılması zamanı polis su şırnaqlarından, gözyaşardıcı qazdan və dəyənəklərdən istifadə edib.

Belə ki, gecə saatlarında bir qrup aksiya iştirakçısı parlamentin binasına daxil olub, polis avtomobili aşırılıb. Bu zaman polis aksiyaçıları parlamentin binasından çıxarıb və polislə qarşıdurma yaşanıb.

Yaranmış insidentlə bağlı cinayət işi qaldırlıb, çoxsaylı insan həbs edilib.

Rəsmi qurumlar həbs edilənlərin sayı barədə məlumat verməsə də, hüquq müdafiəçiləri onların sayının yüzdən çox olduğunu güman edir.

XS
SM
MD
LG