Accessibility links

AXCP fəalının apellyasiya şikayəti təmin edilməyib


Seymur Əhmədov
Seymur Əhmədov

Cümə günü, sentyabrın 25-də Bakı Apellyasiya Məhkəməsi hakim Əli Seyfəliyevin sədrliyi ilə Nəsimi rayon Məhkəməsinin Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Seymur Əhmədovla bağlı həbs qətimkan tədbiri barədə qərarının ev dustaqlığı ilə əvəz olunması haqqında vəsatətin rədd edilməsi qərarından verilən şikayətə baxıb və şikayət təmin etməyib.

Bu barədə Amerikanın Səsinə vəkil Elçin Sadıqov bildirib.

O, Bakı Apellyasiya Məhkəməsinin qərarından Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət ediləcəyini bildirib.

Məhkəmədə Seymur Əhmədovun özü də iştirak edib. Əhmədov bildirib ki, cinayət törətməyib, siyasi sifarişlə həbs edilib.

“Mən AXCP-yə qarşı cinayət təqibi ilə əlaqədar həbs edilmişəm. Hər hansı hüquqa zidd hərəkət etməmişəm, cinayət törətməmişəm. Mənim həbsim absurddur və heç bir hüquqi əsası yoxdur,” Seymur Əhmədov məhkəmədə bildirib.

Seymur Əhmədov iyulun 14-də Bakıda Ermənistan-Azərbaycan sərhədində gedən döyüşlərə dəstək məqsədilə keçirilən aksiya zamanı yaranmış insident faktı üzrə qaldırılmış cinayət işi çərçivəsində saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 186.2.1-ci (zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla əmlakı qəsdən məhv etmə və ya zədələmə), 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) maddələri ilə ittiham elan edilib və Nəsimi rayon Məhkəməsi barəsində 3 aylıq həbs qətimkan tədbiri seçib.

Bakı Apelyasiya Məhkəməsi Seymur Əhmədov barədə Nəsimi rayon Məhkəməsinin həbs qəti imkan tədbiri ilə bağlı qərarından şikayətini də təmin etməyib.

AXCP-nin məlumatına görə, Azərbaycanın dövlət sərhədinin Tovuz rayonu istiqamətində döyüşlərdə iştirak edən Azərbaycan Ordusunu dəstəkləmək məqsədi ilə iyulun 14-15-də keçirilən aksiya zamanı yaranan insident faktı üzrə qaldırılmış cinayət işi üzrə bu partiyanın 48 nəfər fəalı həbs edilib.

“Onlardan 17 nəfərinə qarşı ağır ittihamlar irəli sürülüb. 18 nəfər inzibati qaydada həbs edilib. 1 nəfər ev dustaqlığındadır. 12 nəfər şahid qismində dindirilərək sərbəst buraxılıb. AXCP-nin 10 üzvü öncədən siyasi məhbusdur. Beləliklə, hazırda AXCP-nin 43 fəalı siyasi sifarişlə həbsdədir,” məlumatda qeyd edilir.

Qısa tarixcə və rəsmi məlumat

İyulun 14-də Bakıda minlərlə insanın Ermənistan-Azərbaycan sərhədində gedən döyüşlərə dəstək məqsədilə keçirdiyi yürüş-mitinq iyulun 15-də səhərə yaxın polis tərəfindən dağıdılıb. Aksiyanın dağıdılması zamanı polis su şırnaqlarından, gözyaşardıcı qazdan və dəyənəklərdən istifadə edib.

Belə ki, gecə saatlarında bir qrup aksiya iştirakçısı parlamentin binasına daxil olub, polis avtomobili aşırılıb. Bu zaman polis aksiyaçıları parlamentin binasından çıxarıb və polislə qarşıdurma yaşanıb.

Yaranmış insidentlə bağlı cinayət işi qaldırlıb, çoxsaylı insan həbs edilib.

Rəsmi qurumlar həbs edilənlərin sayı barədə məlumat verməsə də, hüquq müdafiəçiləri onların sayının yüzdən çox olduğunu güman edir.

XS
SM
MD
LG