Accessibility links

AXCP fəalının apellyasiya şikayəti təmin edilməyib


Məhəmməd İmanlı
Məhəmməd İmanlı

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Məhəmməd İmanlının apellyasiya şikayəti təmin edilməyib.

Bu barədə fevralın 16-də Bakı Apellyasiya Məhkəməsi qərar çıxarıb.

Məhkəmə Məhəmməd İmanlı barədə 1 illik azadlıqdan məhrumetmə hökmünü qüvvədə saxlayıb.

Bundan öncə keçirilən məhkəmə prosesində vəkil bildirib ki, Məhəmməd İmanlı həbsindən öncə COVID-19 daşıyıcısı olmayıb. Bunu təsdiqləyən heç bir sübut yoxdur.

Məhəmməd İmanlı Qarabağa dəstək yürüşündə iştiraka görə saxlanılıb, sonradan onun barəsində Cinayət Məcəlləsinin 139-1 (karantin rejiminin pozulması - xəstəliklərin yayılmasına səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Sabunçu rayon Məhkəməsi onu azadlıqdan məhrumetmə cəzasına məhkum edib.

Məhəmməd İmanlı ittihamı qəbul etmir və özünü təqsirli bilmir. O deyir ki, ittiham saxtadır, həbsinin yeganə səbəbi AXCP üzvü olması, ictimai-siyasi fəaliyyətidir.

Vəkil apellyasiya şikayətindən kasassiya şikayəti verəcəyini bildirib.

Bu il iyulun 14-də Bakıda orduya dəstək yürüşü keçirilib və orada olaylar yaşanıb. Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə açıqlamasında yürüş̧ zamanı polis əməkdaşlarına xəsarət yetirildiyi, xidməti avtomobillərin aşırıldığı, Milli Məclisə ziyan dəydiyi qeyd olunub.

Bu cinayət işi üzrə həbs olunanlara özgə əmlakına ziyan vurma, hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq etmə, ictimai asayişin pozulması ittihamları irəli sürülüb. AXCP-nin iki aparıcı üzvü – Məmməd İbrahim və Fuad Qəhrəmanlıya isə bunlardan əlavə həm də hakimiyyəti zorla ələ keçirməyə cəhd ittihamı verilib. İstintaqın sonunda hakimiyyəti zorla ələ keçirmə ittihamı hər ikisindən götürülüb. Əvəzində təqsirləndirilən şəxslərin hamısına CM-in 127-ci (qəsdən bədənə az ağır xəsarət yetirmə) maddəsi ilə yeni ittiham irəli sürülüb.

Noyabrın 16-da yürüşlə əlaqədar həbsdə olan 15 nəfər AXCP üzvündən 12-si ev dustaqlığına buraxılıb.

XS
SM
MD
LG