Accessibility links

AXCP fəalının atası: İttiham oğlumun əqidəsinə yaddır


Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı, bu partiyanın sədrinin ictmai əsaslarla mühafizəçisi Niyaməddin Əhmədovun atası oğlunun həbsinə etiraz edir. O, Amerikanın Səsinə müsahibəsində oğlunun həbsinin səbəblərindən danışıb.

AXCP fəalının həbsi

AXCP fəalı aprelin 16-da Xətai Rayon Məhkəməsinin qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 211-ci (karantin qaydalarını pozma) və 535-ci (polisin qanuni tələbinə tabe olmamaq) maddələri üzrə inzibati qaydada 30 sutka müddətinə həbs olunub.

AXCP-nin məlumatına görə, aprelin 28-də fəal saxlanıldığı Daxili İşlər Nazirliyinin (DİN) İnzibati Həbs Olunanların Saxlanma Məntəqəsindən başına torba salınaraq naməlum ünvana aparılıb və ağır işgəncələrə məruz qoyulub.

Öz növbəsində Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov AXCP-nin məlumatında deyilənləri təkzib edib. Onun sözlərinə görə, məlumat "uydurma xarakterlidir".

Mayın 16-da inzibati həbs müddəti başa çatdıqdan sonra Niyaməddin Əhmədova qarşı Cinayət Məcəlləsinin 214-1-ci (Terrorçuluğu maliyyələşdirmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Baş Prokurorluq və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə məlumatına görə, Qabil Məmmədov adlı şəxsin Almaniya ərazisində sığınacaq alaraq Azərbaycan ərazisində terrorçuluğa hazırlıq və terrorçuluğa açıq çağırışlar etməsinə əsaslı şübhələr müəyyən edilib.

Məlumata görə, Məmmədov hakimiyyətə qarşı cinayət əməllərində dəstəklənməsinə etibar etdiyi şəxslərə, o cümlədən yaxından tanıdığı həmyerlisi Niyaməddin Əhmədova müxtəlif üsullarla göndərdiyi pul vəsaitlərini verməsinə, sonuncunun isə öz növbəsində terrorçuluğun maliyyələşdirilməsində istifadə olunacağını bilib həmin pul vəsaitlərini qəbul edərək uydurma ünvanlar adı altında qəsdən toplamaqla terrorçuluğun maliyyələşdirilməsi cinayətini törətməsinə əsaslı şübhələr müəyyən edilib. Lakin Qabil Məmmədovun çıxışlarında bəyan etdiyi terrorçuluğun törədilməsinə yönələn cinayət əməlləri iradəsindən asılı olmayan səbəblərdən başa çatdırılmayıb,” məlumatda deyilir.

Əli Kərimli: İttiham müxalifəti düşmən elan etməyin nəticəsidir

AXCP sədri Əli Kərimli bildirib ki, Niyaməddin Əhmədovun terrorçuluğu maliyyələşdirmək ittihamı ilə həbs edilməsi yeni mərhələdir.

“Müxalifət fəallarının saxta ittihamlarla həbsi yeni xəbər deyil və heç kimi təəccübləndirmir. Lakin əvvəllər bu saxta ittihamlar narkotik, xuliqanlıq kimi cinayətlərlə bağlı olurdu. Terrorçuluğun maliyyələşdirilməsi kimi ağır, gözlənilməz cinayətdə ittiham isə sadəcə absurdun dibi deyil, müxalifəti düşmən elan etməyin nəticəsidir və repressiyaların növbəti, daha üst səviyyəyə keçidindən xəbər verir,” Kərimli qeyd edib.

Hazırda AXCP sədrinin iki mühafizəçisi cinayət təqibi ilə, bir mühafizəçisi və köməkçisi inzibati qaydada həbsədədir.

AXCP fəallarının həbsləri prezident İlham Əliyevin müxalifəti kəskin tənqidlərindən sonraya təsadüf edir.

Arif Əhmədov: İttihamın səbəbini Niyaməddinin Əli Kərimliyə yaxın olmasında görürük

Niyaməddin Əhmədovun atası Arif Əhmədov Amerikanın Səsinə müsahibəsində oğluna qarşı irəli sürülən ittihamı absurd adlandırıb.

please wait

No media source currently available

0:00 0:04:06 0:00


“Oğluma verilmiş ittihama heç cür inana bilmirəm. Çünki oğlumun bu ittihamla nə maddi, nə mənəvi əlaqəsi var, nə də özünün əqidəsinə görə heç cür inandırıcı deyil. Bu, çox yanlış ittihamdır. Çox məqsəddən kənar ittihamdır. Belə ittihamın oğluma verilməsinə heç cür inana bilmirəm,” o qeyd edib.

Ata bildirib ki, oğluna qarşı irəli sürülən ittiham ailələrinə çox pis təsir edib.

Bu ittiham ailəmiz bir yana, elə kənddə qohum, qıraq, yad, elə rayonda Niyaməddini istəyən, sevən, adını tanıyan, onu tanıyan adamların hamısına çox pis təsir edib. Hamı buna qarşı etiraz edir..
Arif Əhmədov, AXCP fəalının atası

“Bu ittiham ailəmiz bir yana, elə kənddə qohum, qıraq, yad, elə rayonda Niyaməddini istəyən, sevən, adını tanıyan, onu tanıyan adamların hamısına çox pis təsir edib. Hamı buna qarşı etiraz edir... İnsanlar hətta evimizə gəlir, “bu nə işdir”, “niyə onun başına gəldi”, bu itthamı heç kim ona yaraşdırmır.”

Arif Əhmədov hesab edir ki, oğlunun həbsi AXCP fəalı olması ilə bağlıdır.

“Niyaməddin Xalq Cəbhəsi Partiyasının üzvüdür. AXCP sədri Əli Kərimlinin mühafizəçisidir, Əli Kərimliyə inanan adamdır. Biz oğlumun günahını ancaq bununla əlaqələndiririk. Ona qarşı ittihamı Niyaməddinin Əli Kərimliyə yaxın olmasında, ona inanması ilə əlaqəli olmasında görürük. Ayrı bir səbəb ola bilməz. Niyaməddin hər cəhətdən vətənpərvərdir, vətənə layiq oğuldur,” o qeyd edib.

AXCP fəalına qarşı işgəncələrlə bağlı yayılan məlumatlara gəlincə, ata bildirib ki, “bəli, işgəncə olub.”

“Aprelin 15-dən həbsədir. Yalnız iyunun 2-də həbs yerində ona paltar və yemək keçirə bilmişəm. Ancaq nə görüşə, nə də telefon əlaqəsinə imkan vermirlər. İmkan vermirlər ki, bir dəfə görüşüb dərdimi deyəm, bir məlumat alam, görəm ki, sağdırmı, vəziyyəti necədir. Heç nədən xəbər yoxdur. Aprelin 15-dən bu gün, iyunun 3-dək mən onu görməmişəm, xarici görünüşündən də xəbərim yoxdur ki, nə cür işgəncələr verilib. Amma ona qarşı hədsiz dərəcədə işgəncələr olub, dəfələrlə işgəncələr olub. Mənə çatan məlumata görə, hətta böyrəklərinə qan sızıb.”

Ata hökumətə çağırış edib ki, oğlu günahsızdır və həbsdən azad edilməlidir.

“Oğluma qarşı işgəncələrlə ittihamı boynuna qoymaq istəyirlər. Əgər bir işi etməyibsə, necə boynuna ala bilər? Prezidentə çağırışım odur ki, məmurlarına desin, işə düzgün baxsınlar. Oğlumun azadlığını təmin etsinlər,” Arif Əhmədov Amerikanın Səsinə müsahibəsində deyib.

Hökumətin reaksiyası və siyasi məhbus problemi

Öz növbəsində, rəsmi hakimiyyət bir qayda olaraq ölkədə insanların qanun qarşısında bərabər olduğunu, siyasi əqidəyə görə təqiblərə yol verilmdəiyini bildirir. İşgəncə hallaraına gəlincə, hüquq mühafizə orqanları işgəncələrlə bağlı deyilənləri bir qayda olaraq təkzib edir və yalan adlandırır.

AXCP karantin dövründə 25 fəalının inzibati qaydada, 3 fəalının cinayət təqibi ilə həbs edildiyini bildirib.

Hüquq müdafiəçiləri ölkədə yüz otuzdan çox insanı siyasi məhbus kimi tanıyıb. Amnesty İnternational (Beynəlxalq Əfv) təşkilatı isə ondan çox insanı “vicdan məhbusu” elan edib.

Avropa Şurası Parlament Assambleyası bu ilin qış sessiyasında Azərbaycanda siyasi məhbuslara dair qətnamə qəbul edib. Bu qurumun Azərbaycanda siyasi məhbuslarla bağlı məruzəçisi fəaliyyət göstərir.

Dünyaya Baxış

Dünyaya Baxış. Tramp Ağ Ev aparat rəhbərinin adını açıqladı
please wait

No media source currently available

0:00 0:10:02 0:00
XS
SM
MD
LG