Accessibility links

AXCP fəalının həbsinə ictimai-siyasi baxış


Niyaməddin Əhmədov
Niyaməddin Əhmədov

"Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Niyaməddin Əhmədovun həbsini siyasi qisasçılıq sayır."

Bu barədə AXCP Rəyasət Heyətinin bəyanatında deyilir.

30 illik siyasi tarixində bir dəfə də olsun zorakı metodlardan istifadə etməmiş təşkilatın üzvünə bu ittiham (terrorçuluğu maliyyələşdirmə) absurddur, yol verilməzdir, hüququn ayaq altına atılmasıdır, siyasi qisasçılıqdır.
AXCP-nin bəyanatından sitat

“15 apreldə güya karantin qaydalarını pozduğu üçün saxlanılan və 30 gün inzibati həbs alan AXCP fəalı və partiya sədri Əli Kərimlinin mühafizəçisi Niyaməddin Əhmədov barədə qondarma cinayət işi açılıb. İnzibati həbsdə olduğu müddətdə onu inzibati saxlama yerindən Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX) apararaq işgəncə verib AXCP sədri Əli Kərimli, o cümlədən başqa partiya üzvləri haqqında yalan ifadələr verməyə məcbur ediblər. 10 gün DTX da saxlanılandan sonra 9 may tarixində yenidən Daxili İşlər Nazirliynin inzibati həbs olunanların saxlanma məntəqəsinə gətirilsə də həbs müddəti bitdikən sonra azadlığa buraxılmayıb. 3 gün axtarışdan sonra məlum olub ki, Niyaməddin Əhmədova Cinayət Məcəlləsinin 214-1 maddəsi ilə cinayət işi açılıb.”

AXCP hesab edir ki, 30 illik siyasi tarixində bir dəfə də olsun zorakı metodlardan istifadə etməmiş təşkilatın üzvünə bu ittiham (terrorçuluğu maliyyələşdirmə) absurddur, yol verilməzdir, hüququn ayaq altına atılmasıdır, siyasi qisasçılıqdır.

“Niyaməddin Əhmədov 19 oktyabr mitinqində Əli Kərimlini sona qədər müdafiə etdiyi üçün cəzalandırılır. AXCP nəinki bu ittihamları rədd edir, eyni zamanda tələb edir ki, dövlət səviyyəsində hüquqsuzluğa və zorakılığa son qoyulamlıdır. Xalq Cəbhəsi bütün vicdanlı vətəndaşları, ölkə və dünya ictimaiyyətini bu gənc və günahsız siyasi fəalın müdafiəsinə çağırır.”

Azərbaycanda repressiyalara son qoyulmasını, Tofiq Yaqublu və Niyaməddin Əhmədov da daxil olmaqla bütün siyasi məhbusların azadlığa buraxılmasını tələb edirik.
Müsavat Partiyasının məlumatından sitat

Müsavat Partiyasının Divanı (İdarə Heyəti) AXCP üzvü Niyaməddin Əhmədovun cəza müddəti başa çatsa da, onun azadlığa buraxılmamasını pisləyib

"Azərbaycanda repressiyalara son qoyulmasını, Tofiq Yaqublu və Niyaməddin Əhmədov da daxil olmaqla bütün siyasi məhbusların azadlığa buraxılmasını tələb edirik," Müsavat Partiyasının məlumatında deyilir.

Hüquq müdafiəçisi Anar Məmmədli AXCP üzvünün həbsini gülünc və qondarma adlandırıb.

“Gülünc və qondarma ittihamdır. Ən ağırlısı 10 ildən 14 ilədək azadlıqdan məhrumetməni nəzərdə tutur. Siyasi fəaliyyətlə məşğul olan daha bir gəncin həyatını məhv etmək istəyirlər,” o qeyd edib.

NİDA Vətəndaş Hərəkatı da AXCP fəalı Niyaməddin Əhmədovun həbsi ilə bağlı bəyanat qəbul edib.

“NİDA Vətəndaş Hərəkatı olaraq bu həbsi və digər siyasi repressiyaları pisləyir, siyasi hakimiyyəti tənqidçilərinə qarşı hüquq-mühafizə orqanlarının gücündən istifadəni dayandırmağa çağırırıq,” sənəddə qeyd edilir.

Siyasi hakimiyyəti tənqidçilərinə qarşı hüquq-mühafizə orqanlarının gücündən istifadəni dayandırmağa çağırırıq.
NİDA Vətəndaş Hərəkatının bəyanatından sitat

Aprelin 16-da Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalı Niyaməddin Əhmədov Xətai Rayon Məhkəməsinin qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 211-ci (karantin qaydalarını pozma) və 535-ci (polisin qanuni tələbinə tabe olmamaq) maddələri üzrə inzibati qaydada 30 sutka müddətinə həbs olunub.

İctimai fəal, keçmiş deputatlığa namizəd Bəxtiyar Hacıyev AXCP sədri Əli Kərimlinin mühafizəçisini həbsinə münasibət bildirib.

“AXCP-ni və Əli Kərimlini bəyənə də bilərik, bəyənməyə də. Ritorikalarını sevə də bilərik, sevməyə də. Milli Şura iclaslarında danışılanlara gülə də bilərik, təəssüf edə də. Nə bilim, tənqid edə də bilərik, dəstəkləyə də.

Amma bütün bunlar günahsız insanların aylarının və illərinin haqsız olaraq həbsdə keçirməsinə heç bir halda bəraət qazandırmamalıdır. Eləcə də bizim susqunluğumuza. İnsan bir müxalif liderin yanında durub deyə ona "terrorçu" damğası vurub, 10 il həbsə atarlar? Hansısa usta müxalif partiya sədrinin TV cihazını təmir etmək istəyirsə, onu 30 gün həbsə atarlar? Ayıb deyil? Bu nə kindir, bu nə düşmanlıqdır siyasi mübarizədə?

Özünə müxalif deyən siyasi partiyaların rəhbərliklərinin susqunluqlarına hələ gülməli bəhanələr tapmaqları nə deməkdir?

Nəinki AXCP, hətta YAP üzvü də şərlənsə, ona qarşı çıxmalıdır hamı. Söhbət insan həyatından gedir, qanunsuz həbsdən, işgəncədən gedir axı."

Azərbaycan Xalq Cəbhəsi Partiyası aprelin 28-də (AXCP) bu partiyanın sədri Əli Kərimlinin ictimai əsaslarla mühafizəçisi Niyaməddin Əhmədovun işgəncəyə məruz qaldığını bildirib.

AXCP-nin məlumatına görə, aprelin 16-da inzibati qaydada həbs olunan Əhmədov aprelin 28-də səhər saat 11 radələrində saxlanıldığı Daxili İşlər Nazirliyinin (DİN) İnzibati Həbs Olunanların Saxlanma Məntəqəsindən başına torba salınaraq naməlum ünvana aparılıb.

"Niyaməddin Əhmədov özü yaxınlarına məlumat ötürüb ki, onu harasa aparıb küçə söyüşləri ilə müşayiət olunan işgəncələrə məruz qoyublar. Ondan tələb olunub ki, Əli Kərimlidən pul aldığı haqda ifadə versin. Təxminən saat 23-də istədiklərinə nail olmadıqlarını görüb onu Saxlanma Məntəqəsinə qaytarıblar. Hazırda təkadamlıq kamerada saxlanılır," AXCP-nin aprelin 29-da yaydığı məlumatda deyilir.

Rəsmi mövqe

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov AXCP-nin məlumatında deyilənləri təkzib edib. Onun sözlərinə görə, məlumat "uydurma xarakterlidir".

Öz növbəsində bir çox beynəlxalq təşkilatlar, o cümlədən Amnesty İnternational, Human Rights Watch bildirir ki, Azərbaycan koronavirusla mübarizədə repressiv tədbirlərdən istifadə edir. Bir çox fəallara, partiya üzvlərinə və müstəqil jurnalist və bloggerlər inzibati cəza alıb və həbs olunublar.

AXCP bildirir ki, partiyanın sədri Əli Kərimli və ailəsi artıq 10 gündən çoxdur ətraf aləmdən tamamilə təcrid şəraitində saxlanılır: internetə çıxışı, mobil və stasionar telefon əlaqələri kəsilib.

İstər Almaniya polisinin qaldırdığı sənədlər, istər İtaliya, Fransada qaldırılan sənədlərdə saxta verilmiş arayışlar nəticəsində Azərbaycan vətəndaşları belə deyək ki, Avropaya satılıb.
Siyavuş Novruzov, Milli Məclisin deputatı

Daxili İşlər Nazirliyinin mətbuat xidməti ölkədə karantin rejiminin tətbiqində ayrıseçkiliyə yol verilmədiyini, bütün vətəndaşların qanun qarşısında bərabər olduğunu bildirib. Bu qurumun mətbaut xidməti həmçinin Kərimlinin telefon və internet əlaqələrində problem yaranıbsa müvafiq şirkətlərə müraciət etməsini məsləhət bilib.

"Azercell" şirkəti Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin internet və mobil telefonunun kəsilməsi ilə bağlı bildirib ki, bu şirkətin Kərimlinin mobil telefonunun və internetinin bloklanmasına bağlılığı yoxdur.

Öz növbəsində, Milli Məclisin deputatı Siyavuz Novruzov parlamentin bu gün keçirilən plenar iclasında deyib ki, bir sırasiyasi partiyalar, Milli Şura və onun tərkibində olan Xalq Cəbhəsi, başında baş insan alverçisi duran Əli Kərimli miqrant alveri ilə məşğul olur:

“Bu, kifayət qədər sənədlərlə təsbit olunub. İstər Almaniya polisinin qaldırdığı sənədlər, istər İtaliya, Fransada qaldırılan sənədlərdə saxta verilmiş arayışlar nəticəsində Azərbaycan vətəndaşları belə deyək ki, Avropaya satılıb. Onların özləri artıq bunu müzakirəyə çıxarırlar. Bir siyasi partiya onun, digəri isə o birinin üzərinə atır. Hər birində də ilə 150-200 belə insan var. Hesab edirəm ki, İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatorun gələcək hesabatlarında bu məsələ də öz yerini almalıdır,” deputat qeyd edib.

XS
SM
MD
LG