Aprelin 6-da Bakının Səbail rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin ictimai əsaslarla mühafizəçisi Ruslan Əmirovun cinayət işi üzrə məhkəmə baxışı şahid ifadələri ilə davam etdirilib.
Bu gün məhkəmədə 5 şahid ifadə verib və onların hamısı Ruslan Əmirovu tanımadığını, aksiya zamanı görmədiyini deyib.
“İstintaq orqanı 22 nəfəri şahid qismində tanıyıb. Artıq məhkəmədə 19 şahid ifadə verib. Şahidlərin hamısı məni aksiya zamanı görmədiyni deyib,” Əmirov Amerikanın Səsinə deyib.
Ruslan Əmirov 2020-ci il iyulun 14-15-də Azərbaycan Ordusuna dəstək məqsədi ilə keçirilən aksiya zamanı yaranmış insident faktı üzrə qaldırılmış cinayət işi əsasında istintaqa cəlb edilib.
Ona qarşı Cinayət Məcəlləsinin 32.3 və 34.2 - (Cinayətin bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik tərəfindən törədilməsi), 186.2.1, 186.2.2, (Əmlakı qəsdən məhv etmə və ya zədələmə), 233 (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə), 315 ( Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə), 127.2 (Qəsdən sağlamlığa az ağır zərər vurma) maddələri ilə ittiham irəli sürülüb.
Ruslan Əmirov Amerikanın Səsinə deyib ki, dinc aksiyada iştirak edib, ancaq hər hansı qanunsuz hərəkətə yol verməyib.
Vəkil Bəhruz Bayramov bildirib ki, cinayət işinə xitam verilməlidir.
“Məhkəmədə ittihamların heç biri sübut olunmayıb. Bu cinayət işinin nəyə görə qaldırıldığı hələ də mənə aydın deyil. Çünki cinayət tərkibi yaradan heç bir hərəkət olmayıb,” o qeyd edib.
AXCP-nin məlumatına görə, ötən il iyulun 14-15-də Azərbaycan Ordusunu dəstəkləmək məqsədi ilə keçirilən aksiyadan sonra siyasi sifarişlə bu partiyanın 45 fəalı həbs edilib.
“Onlardan 16 nəfərinə qarşı ağır ittihamlar irəli sürülüb. 15 nəfər inzibati qaydada həbs edilib, 14 nəfər şahid qismində dindirilərək sərbəst buraxılıb,” məlumatda qeyd edilir.