Accessibility links

AXCP fəalının məhkəməsi başlayıb


Martın 5-də Bakının Nərimanov rayon Məhkəməsində hakim Vüsal Qurbanovun sədrliyi ilə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Nizami rayon şöbəsinin sədri Paşa Umudovun cinayət işi üzrə hazırlıq iclası olub. Məhkəmə baxışı martın 16-na təyin edilib.

Paşa Umudov 2019-cu il oktyabrın 19-da Milli Şuranın keçirdiyi mitinqdən öncə, oktyabrın 16-da həbs edilib. O, Cinayət Məcəlləsinin 234.2 (Satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narktok vasitələri və ya psixotrop maddələri satma) maddəsi ilə ittiham olunur. İttiham sübut olunarsa Umudovu üç ildən yeddi ilədək həbs gözləyir.

Martın 5-də keçirilən prosesdə vəkil Zibeydə Sadıqova deyib ki, bu, onun mitinqdən öncə ilk həbsi olmayıb. O həbsindən öncə inzibati həbsə məhkum edilib və xəbərdarlıq ediblər ki, siyasi proseslərdən uzaqlaşmasa, növbəti dəfə haqqında cinayət işi başlanacaq, uzunmüddətli həbsə göndəriləcək.

Vəkilin sözlərinə görə, Umudovun özü də, həyat yoldaşı da xəstədir. İstintaq dövründə onun ev dustaqlığına buraxılması məqsədi ilə 8 dəfə vəsatət qaldırılıb və təmin edilməyib.

Vəkil bildirib ki, Umudova təzyiq altında etiraf ərizəsi yazdırılıb.

“Paşa Umudovun dediyinə görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində ona qarşı insan ləyaqətini alçaldan davranış olub. Onu saatlarla üzü divara saxlayıblar, beysbol ağacıyla hədələyiblər. Etiraf videosunu 7 dəfə çəkiblər. Umudovun AXCP sədri Əli Kərimlinin sürücüsü olmasının xüsusi vurğulanmasını istəyiblər. Bu etiraf adı beynəlxalq hesabatlarda “vahimə yuvası” kimi hallann idarədə alınıb,” vəkil qeyd edib.

Paşa Umudov məhkəmədə özünü təqsirli bilmədyini deyib.

AXCP bəyan edib ki, Umudov siyasi fəaliyyətinə, o cümlədən Əli Kərimlinin sürücüsü olduğuna görə həbs olunub.

XS
SM
MD
LG