Accessibility links

AXCP fəalının məhkəməsi başlayıb


Bu gün, yanvarın 13-də Gəncə Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) yerli fəalı, şahmat məşqçisi Şahin Hacıyevin işi üzrə hazırlıq iclası başlayıb.

O, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi (böyük ölçüdə narkotik vasitələrin qanunsuz dövriyyəsi) ilə ittiham olunur.

AXCP onun ölkə rəhbərliyini tənqid etdiyinə görə təqib edildiyini iddia edir.

Hazırlıq iclasında məlum olub ki, təqsirləndirilən şəxs cinayət işinin materialları ilə tanış olmayıb və ittiham aktı ona təqdim edilməyib. Bununla əlaqədar proses yanvarın 21-nə təxirə salınıb.

Bu barədə məhkəmədə monitorinq aparan "Müdafiə Xətti" hüquq müdafiə təşkilatının icraçı direktoru Rüfət Səfərov Amerikanın Səsinə deyib.

O, ittihamın şübhə doğurduğunu bildirib.

“İstintaq qanun pozuntuları ilə aparılıb. Məsələn, Hacıyev evdə saxlanılıb, bu zaman o, döyülüb. İş materiallarında isə onun küçədə saxlanıldığı iddia olunur," Səfərov bildirib.

Vəkil Zabir Qəhrəmanov bildirib ki, Hacıyev məhkəməyə saxlanıldıqdan sonra işgəncələrə məruz qaldığı haqqında bəyanat verib.

Onun sözlərinə görə, ekspertiza istintaq təcridxanasına daxil olarkən onun ayağında travma olduğunu təsdiq etsə də, prokurorluq cinayət işi açmaqdan imtina edib.

Hacıyev 2021-ci ilin noyabrında saxlanılıb.

XS
SM
MD
LG