Accessibility links

AXCP fəalının məhkəməsində iki şahid ifadə verib


Mayın 6-da Bakının Səbail rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin ictimai əsaslarla mühafizəçisi Ruslan Əmirovun cinayət işi üzrə məhkəmə baxışı şahid ifadələri ilə davam etdirilib.

Bu gün məhkəmədə 2 şahid ifadə verib və onlar Ruslan Əmirovu tanımadığını, aksiya zamanı görmədiyini deyib.

Vəkil Bəhruz Bayramov bildirib ki, bu gün ifadə verən şahidlər Ruslan Əmirovu tanımadığını, görmədiyini, həmin gün Mill Məclisin qarşısında olmadığını bildirib.

“Digər şahidin isə istintaq verdiyi ifadə ilə məhkəməyə verdiyi ifadə arasında ziddiyətlər olduğu ortaya çıxdı. Onun istintaqa verdiyi ifadə elan edildi. Həmin şahid bildirdi ki, bir gün qanunsuz olaraq polis idarəsində saxlanıldıqdan sonra İstintaq İdarəsinə aparılaraq ifadə verib. Lakin onu 2020-ci il iyulun 19-da yenidən istintaqa çağırıb ağ kağıza imza atdırıblar. Ona görə də o zaman veriyi ifadəsindən imtina etdi.”

Vəkil deyib ki, Ruslan Əmirova qarşı verilən ittiham üzrə hər hansı sübut yoxdur.

“İttihamı sübut edəcək nə şahid ifadələri, nə video, nə foto görüntülər var. Bir dənə belə sübut ortaya qoyulmayıb. İttiham tərəfinin nəyi müdafiə etdiyini başa düşə bilmirəm?” o sual edib.

Vəkil həmçinin şahidin aksiya zaman harada olduğunu təyin etmək üçün onun mobil telefonunun əhatə dairəsi barədə məhkəməyə arayış təqdim edilməsi barədə vəsatət qaldırıb.

Növbəti məhkəmə iclası mayın 25-də olacaq.

Ruslan Əmirov 2020-ci il iyulun 14-15-də Azərbaycan Ordusuna dəstək məqsədi ilə keçirilən aksiya zamanı yaranmış insident faktı üzrə qaldırılmış cinayət işi əsasında istintaqa cəlb edilib.

Ona qarşı Cinayət Məcəlləsinin 32.3 və 34.2 - (Cinayətin bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik tərəfindən törədilməsi), 186.2.1, 186.2.2, (Əmlakı qəsdən məhv etmə və ya zədələmə), 233 (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə), 315 ( Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə), 127.2 (Qəsdən sağlamlığa az ağır zərər vurma) maddələri ilə ittiham irəli sürülüb.

Ruslan Əmirov Amerikanın Səsinə deyib ki, dinc aksiyada iştirak edib, ancaq hər hansı qanunsuz hərəkətə yol verməyib.

AXCP-nin məlumatına görə, ötən il iyulun 14-15-də Azərbaycan Ordusunu dəstəkləmək məqsədi ilə keçirilən aksiyadan sonra siyasi sifarişlə bu partiyanın 45 fəalı həbs edilib.

“Onlardan 16 nəfərinə qarşı ağır ittihamlar irəli sürülüb. 15 nəfər inzibati qaydada həbs edilib, 14 nəfər şahid qismində dindirilərək sərbəst buraxılıb,” məlumatda qeyd edilir.

XS
SM
MD
LG