Accessibility links

AXCP fəalının oğurlandığını bildirir


Ruslan Əmirli AXCP sədri Əli Kərimli ilə

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Ruslan Əmirli sentyabrın 10-da günorta saatlarında naməlum şəxslər tərəfindən oğurlanıb.

Partiya rəhbərliyi bu məlumatı təsdiq edib. Mövcud məlumata görə, fəalı xəstə bacısını ziyarət etmək üçün getdiyi Milli Onkologiya Mərkəzinin qarşısında naməlum şəxslər oğurlayıb. Oğurlandıqdan sonra Əmirlinin mobil telefonuna zəng çatmır.

O, AXCP-nin Nərimanov rayon təşkilatının üzvüdür, həmçinin, ictimai əsaslarla partiya lideri Əli Kərimlinin mühafizəsini təmin edən qrupa daxildir. Əli Kərimlinin özünün sözlərinə görə, son günlər Facebook-da "Milli fədailər" qrupunun üzvləri Əmirlini təhdid edirdilər.

"Onlardan biri Ruslana zəng edib və onu mənə mıxlamaqla təhdid edib," Əli Kərimli öz Facebook səhifəsində yazıb.

Hüquq mühafizə orqanları Ruslan Əmirlinin ünvanına açıq-aşkar hədələrə məhəl qoymayıb.

Həmçinin hüquq mühafizə orqanları AXCP fəalının harada olması ilə bağlı hələ hər hansı məlumat yaymayıb.

AXCP-yə fəallarının həbsləri və cərimələnməsi dalğası Milli Şuranın bu ilin yanvarın 19-da keçirdiyi mitinq ərəfəsinə və mitinqdən sonraya təsadüf edir.

AXCP-nin məlumata görə, bu ilin yanvarında Milli Şuranın mitinqi ərəfəsində və sonra müxtəlif vaxtlarda bu partiyanın 90-dək fəallı inzibati qaydada cəzalandırılıb. Onlardan 60 nəfəri 10 sutkadan 30 sutkayadək, o cümlədən bir fəal 60 sutka inzibati həbsə məhkum edilib. Partiya fəallarından 5 nəfəri təkrarən inzibati həbsə məruz qalıb. Onların əksəriyyəti polisin qanuni tələbinə tabe olmamaqda təqsirləndirilib.

Bu il AXCP-nin 26 fəalı 50 manatdan 500 manatadək inzibati qaydada cərimə edilib.

Partiya fəallarının hamısının siyasi mövqelərinə görə şərləndiyini bildirib.

Azərbaycanın rəsmiləri bir qayda olaraq ölkədə bütün fundamental azadlıqların tam təmin edildiyini bəyan edir. Rəsmi Bakı insanların qanun qarşısında bərabər olduğunu və siyasi baxışlarına görə təqib olunmadığını bildirir.

Bununla yanaşı, yerli hüquq müdafiəçiləri ölkədə 100-dən çox insanı siyasi məhbus elan edib. Avropa Şurası Parlament Assambleyasında Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçi fəaliyyətdədir. Amnesty İnternational (Beynəlxalq Əfv) təşkilatı Azərbaycanda ondan çox insanı vicdan məhbusu elan edib.

XS
SM
MD
LG